“TÜRKSOY Media Mükafatı”nın təqdimetmə mərasimi keçirilib.
Bu gün Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə “TÜRKSOY Media Mükafatı”nın təqdimetmə mərasimi keçirilib.
Şəhidlər sükutla yad edildikdən sonra şəhid jurnalistlərin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Mərasimin sonunda şəhid jurnalistlər Hərbi Jurnalistlər Birliyinin üzvü- AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTv-nin operatoru Sirac Abışov mükafata layiq görülüb. Onların mükafatı ailələrinə təqdim edilib.
Türkiyənin “Haber Global” televiziyasının əməkdaşı Osman Girgin, “A Haber”in əməkdaşı Abdulkərim Ulak və “CNN Türk”ün sabiq işçisi, hazırda “Fox TV”də çalışan Fulya Öztürk, eyni zamanda, Qazaxıstan, Qırğızıstan və Özbəkistan media nümayəndələrinin də mükafatçılar arasındadır.
Qeyd edək ki, tədbirlər çərçivəsində mükafat alan media nümayəndələrinin bir sıra dövlət və media qurumlarında rəsmi görüşləri, Şuşaya səfəri və Vətən müharibəsinin başlamasının ildönümünə həsr olunan silsilə tədbirlərdə iştirakı nəzərdə tutulub.
Facebook'da Paylaş