“...VƏTƏNƏ XİDMƏT ETMƏK ŞƏRƏFDİR!”

18-08-2024, 01:53

“...VƏTƏNƏ XİDMƏT ETMƏK ŞƏRƏFDİR!”

“...VƏTƏNƏ XİDMƏT ETMƏK ŞƏRƏFDİR!”
Bu gün sərhədçilərimizin günüdür...
“...indi Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunur. Azərbaycan sərhədlərində infrastruktur yaradılır, müasir texnika alınır, Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmlənir və əminliklə deyə bilərik ki, Azərbaycana qarşı təxribat planlarını hazırlayan qüvvələr artıq bilirlər ki, bu planların baş tutması mümkün deyil”
- Müzəffər Ali Baş Komandanın sərhədlərimizin keşiyində duran cəsur sərhədçilər haqqında dediyi bu fikirlər bütöv Azərbaycanımızın dövlət sərhədinin müdafiəsi və mühafizəsinə şübhə ilə yanaşa biləcək qüvvələrə ən tutarlı cavabdır. Ölkəmizin quruda, havada və suda mühafizəsi kimi məsuliyyəti öz üzərinə götürən sərhədçilərimizin peşə bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin yaradılması tarixinə və fəaliyyətinə nəzər salmaq istəyirik.
Oxucularımıza xatırladaq ki, 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında Qanun qəbul etmişdir.
2002-ci ilin iyul ayının 31-də isə Ulu Öndər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzaladı. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti yeni mərhələyə qədəm qoydu - müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunması əsas prioritet məsələ oldu.
Ulu Öndər Heydər Əlİyev: “Əvvəl Sərhəd Qoşunları Azərbaycanda müstəqil yaranıbdır. Bir müddətdən sonra Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstəribdir. Ancaq mən bu sahəyə xüsusi əhəmiyyət verərək bir neçə ay bundan öncə qərar qəbul etdim, fərman verdim, onu Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi müstəqil xidmətə çevirdim və ona da Dövlət Sərhəd Xidməti adı verdik. Təbiidir ki, bu, sizin. işlərinizin daha da uğurla aparılmasına kömək edir və edəcəkdir. Ancaq, eyni zamanda bu sizin üzərinizə çox böyük məsuliyyət də qoyur...”
Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən idi. 1991-ci ilə qədər Azərbaycanın İran və Türkiyə ilə sərhədlərini Sovet sərhədçiləri qoruyurdu, lakin müstəqillik əldə etdikdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri dövlət sərhədlərinin mühafizəsi idi ki, həmin tarixdən etibarən sərhədlərimizin keşiyində azərbaycanlı sərhədçilər xidmət etməyə başlamışdır.
Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. Bu, ölkəmizdə sərhədçi peşəsinə verilən önəmin, dövlətimiz üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etdiyinin təzahürüdür.
Ümummili lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaratmış, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində dinamik inkişafa nail olunması prioritet məsələ kimi qarşıya məqsəd qoyulmuşdur. Hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti daha yüksək mərhələyə çatdırılmış, Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələrində və zastavalarında müasir şəraitin yaradılması Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır.
Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi xeyli təkmilləşdirilmiş, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilmiş, Dövlət Sərhəd Xidmətinin aparatı ilə sərhəd dəstələri arasında peyk rabitəsi sistemi yaradılmışdır. Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılmış, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradılmışdır. Şəxsi heyət dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıq ilə təchiz edilmiş, bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunmuşdur. Bir sözlə, quruda, havada və suda sərhədlərin etibarlı qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür.

Əzəli torpaqlarımızın - sərhədlərimizin bərpa edildiyi 44 günlük döyüşlərdə böyük qəhrəmanlıq və şəxsi şücaət göstərərək Vətən yolunda döyüşən, son nəfəsinə qədər andına sadiq qalan oğulların sırasında sərhədçilərimiz də xüsusi rəşadət göstərmişlər. 30 ilə yaxın müddətdən sonra 132 kilometrlik İran-Azərbaycan sərhədinin sərhədçilərimiz tərəfindən nəzarətə götürülərək sərhəd bütövlüyümüzün təmin edilməsi də peşəkar sərhədçilərimizin çətin və şərəfli əməyinin, döyüş əzminin bariz nümunəsi və sərhəd tarixinin ən şərəfli səhifələridir.
Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Dövlət Sərhəd Xidməti adına qazanılan bütün uğurların arxasında təbii ki, olduqca çətin və şərəfli missiyanın layiqincə həyata keçirilməsinə öz töhfələrini verən komandirlər dayanır. Belə böyük bir Ordunun Komandanı kimi döyüşlərdən qələbə ilə çıxmağı bacararaq adını Hərb tariximizə yazmaq bir ayrı şərəf işidir.
Bu gün Azərbaycan regionda ən güclü Silahlı Qüvvələrə malikdir. Döyüşə-döyüşə ordu qurmağın, 30 il erməni faşistlərinin viran qoyduğu ərazilərimizi işğaldan azad edə-edə sərhəd çəkməyin nə qədər çətin olduğunu Ordumuzun Komandanları, rəhbər şəxsləri daha yaxşı bilirlər. Elə yeni yaradılmış sərhəd zastavalarında qaldırılan Azərbaycan bayrağının altında Ali Baş Komandanımıza raport verməyin də nə qədər şərəfli, nə qədər qürurverici olduğunu onlar bilir O şərəfli anları daha çox yaşamış, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hələ 15 yaşından taleyini hərb sənətinə bağlayıb. 1982-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmaqla qarşıda onu gözləyən daş-kəsəkli, od-alovlu yollara çıxıb. Hələ Sovet imperiyasının tərkibində olduğumuz zamanların çətin sınaqlarından keçə-keçə müstəqillik əldə etdiyimiz dövrə qədər zabit adının şərəfini qoruyub. Dövlət müstəqilliyimiz bərpa edildikdən bu günədək Azarbaycan Ordusunun keçdiyi çətin, eyni zamanda şərəfli döyüş yolunun yol göstərənlərindən biri olub. Elçin Quliyevin döyüşçü ruhu, dövlətə, dövlətçiliyə sədaqəti ona olan etimadı gündən-günə artırıb. Vətən sevdası onu Sərhəd Qoşunlarının Komandanı vəzifəsinə qədər yüksəldib.
Ömrünün 40 ildən çoxunu hərb sənətinin inkişafına həsr edən, bu yoldakı çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, şərəflə xidmət edən komandan indi Azərbaycanımız üçün özü kimi vətənsevər, güclü və dəyanətli sərhədçilərin yetişdirilməsinə çalışır. Dövlət sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsinə, nəhayət, tarixi sərhədlərimizin bərpa edilməsinə nail olunması istiqamətində cavabdeh şəxs kimi böyük vəzifənin öhdəsindən layiqincə gəlir.
Biz istər DSX rəisi kimi sərhəd zastavalarına etdiyi səfərlər, istər beynəlxalq görüşlər zamanı cənab generalın sadə, səmimi və vətənpərvər çıxışlarının şahidi oluruq. Xidməti vəzifələrinin icrası zamanı yaralanan hər bir sərhədçini şəxsən ziyarət edərək, onlara şəxsi şücaətinə görə, həmçinin belə oğullar böyüdən valideynlərə minnətdarlıq edir, sərhədçi general, zabit və əsgərlərin öz peşəsi və vətənə xidməti ilə qürur duyduğunu xüsusi vurğulayır:
“Biz belə sərhədçilərimizlə qürur duyuruq. Bu oğullar sayəsində dövlət sərhədlərinin təhlükəsizliyi təmin olunur. Hər bir əsgər, çavuş, gizir, zabit, general üçün Vətənə xidmət etmək şərəfdir!”
Dövlət Sərhəd Xidməti gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə Təhsil, Gənclər və İdman nazirlikləri ilə hazırlanmış birgə plan əsasında müxtəlif məzmunlu tədbirlər həyata keçirir. Bu məqsədlə, sərhəd məntəqələrinə ekskursiyalar, DSX-nin aparatında tələbələrlə görüşlər, "Sərhəd" hərbi-idman oyunları, müxtəlif mövzularda təsviri və tətbiqi incəsənət, musiqi və ədəbiyyat müsabiqələri keçirilir, "Sərhədçi" jurnalının xüsusi buraxılışları, DSX-nin fəaliyyətini əks etdirən kitablar nəşr edilir.
DSX-nin mərkəzi aparatında fəaliyyət göstərən Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinə mütəmadi olaraq gənclərin ekskursiyaları təşkil edilir. Gənclərin Vətənə, onun sərhədlərinə məhəbbət ruhunda böyüməsində sərhədçi qəhrəmanların şücaətləri, onların xidməti-döyüş yolu barədəki söhbətlər mühüm rol oynayır.

Dövlətçiliyə, xalqa sədaqətini hər zaman nümayiş etdirən hər bir sərhədçi müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur. Vətənimizə şərəflə xidmət edən hər bir sərhədçinin timsalında bu gün xidmətdə olan qəhrəmanlarımıza təbrik ərməğanımızı çatdırır, azadlıq eşqilə bu yolda canından keçən hər bir Şəhidimizin ruhu qarşısında baş əyir, canlı əfsanəyə dönən qazilərimizə Allahdan şəfa və can sağlığı diləyirik. Vətənə xidmətinizlə qürurluyuq!

Gülnar Süleymanlı
Azərbaycan İdman Akademiyasının V kurs tələbəsi




Facebook'da Paylaş