Şəhid Kəmaləddin Məmmədzadənin xatirəsi anılıb

22-04-2022, 13:33

Şəhid Kəmaləddin Məmmədzadənin xatirəsi anılıb

Vətən müharibəsi Şəhidi Kəmaləddin Məmmədzadənin xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rafiq Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Vətən müharibəsi Şəhidi Kəmaləddin Məmmədzadənin əziz xatirəsinə həsr edilmiş tədbir keçirib.

Ordum.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Fazil Mustafa, Əziz Ələkbərov, Baş İdarənin rəisi İbrahim Əliyev, bəstəkarlar Ceyhun Allahverdiyev, Cahangir Zülfüqarov, Lalə Cəfərli, İlhamə Aqilqızı, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Kəmaləddinin kiçik yaşlarında skripkada ifası əsasında hazırlanmış videoçarx nümayiş olunub.

Məktəbin direktoru Əmirhüseyn Hüseynov çıxış edərək tədbir iştirakçılarını şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Tədbir zamanı musiqi məktəbinin simfonik orkestri, xoru dahi bəstəkarkarların əsərlərini səsləndiriblər, Şəhidin bacısı Könül Məmmədzadənin qardaşına həsr etdiyi şeiri isə Dəniz Allahverdiyeva ifa edib.

Tədbirdə millət vəkilləri Fazil Mustafa, Əziz Ələkbərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Adil Babayev çıxış ediblər.

Qeyd olunub ki, onun ən böyük arzusu döyüş meydanında şəhid olmuş 3 dostunun qisasını almaq idi. O, arzusuna çatdı, yalnız dostlarının deyil, Qarabağda canından keçmiş hərbçilərimizin, düşmən gülləsinə tuş gəlmiş dinc sakinlərin qisasını alaraq, Qələbə sevincini bizə yaşatdı.

Baş İdarənin rəisi İbrahim Əliyev tədbirin sonunda Vətənimizin azadlığı uğrunda igidliklə döyüşərək şəhid olmuş Kəmaləddin Məmmədzadənin valideynlərinə və onların simasında şəhid ailələrinə, məktəbin kollektivinə, təşkilatçılara təşəkkürünü bildirib. O, azadlığı bəxş edən şəhidlərin qürur mənbəyi olduğunu bildirib.

Sonda Şəhidimizin ailə üzvləri tədbir təşkilatçılarına ailələrinə göstərdikləri diqqətə görə təşəkkürünü bildiriblər.

Qeyd edək ki, 21 yaşında şəhidlik zirvəsinə ucalmış Kəmaləddin Məmmədzadənin ömür yoluna işıq salıb. 1999-cu ilin sentyabrın 14-ü Bakıda anadan olan, 2006-2017-ci illərdə Xətai rayonu 249 nömrəli tam orta məktəbdə təhsil alan Kəmaləddinin məktəbi bitirəndən sonra, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin Geodeziya və xəritəçilik ixtisasına daxil olduğunu bildirib. Kəmaləddin 2 il ali təhsil aldıqdan sonra, üçüncü kursa keçəndə təhsilini dondurur və hərbi xidmətə yollanır. 10 ay xidmət edir və qismətinə şərəfli Vətən müharibəsində iştirak edərək, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına qanıyla-canıyla töhfə vermək düşür.

Kəmaləddin müharibədə sentyabr ayının 27-dən başlayaraq noyabrın 8-nə kimi iştirak edir. Cəsur döyüşçü Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Xocavəndin kəndləri, Şuşa şəhəri və bütün qəsəbə və yüksəkliklərin işğaldan azad edilməsində savaşıb. Vətən müharibəsinin 44-cü günü, noyabrın 9-u sübh tezdən Şuşa şəhərində boynundan snayperlə vurularaq Şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad edlməsinə görə” medalları ilə təltif olunub.




Facebook'da Paylaş