Biləsuvarda Vətən müharibəsi şəhidinin abidə kompleksi açılıb
Biləsuvar rayonunda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçısı, şəhid Hüseynov Elxan Maarif oğlunun ildönümü münasibətilə anım mərasimi keçirilib.
Ordum.az-ın məlumatına görə, tədbirdə şəhidin döyüş yoldaşları, müharibə əlilləri, veteranlar, şəhid ailələrinin üzvləri, E.Hüseynovun təhsil aldığı X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanında E.Hüseynovun məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər.
Sonra abidə kompleksinin açılışı keçirilib.
Tədbirdə çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan söhbət açıblar.
E.Hüseynovun anası Sevil Xəlilova övladının qəhrəmanlığı ilə fəxr etdiyini deyib. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.
Orta məktəb şagirdlərinin ifasında şəhid E.Hüseynova həsr olunmuş kompozisiya səsləndirilib.
Tədbir şəhidin yaşadığı evdə yas mərasimi ilə davam etdirilib.
Qeyd edək ki, E.Hüseynov 2000-ci il Qaradağ rayonunda anadan olub. O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. E.Hüseynov noyabrın 6-da yaralanıb və uzun müddət komada qaldıqdan sonra dekabrın 13-də şəhadətə yüksəlib
Facebook'da Paylaş