Xızıda şəhidin anım mərasimi keçirilib

5-11-2021, 18:00

Xızıda şəhidin anım mərasimi keçirilib

Xızı rayonunda Vətən müharibəsi şəhidi Kərim Əliyevin xatirəsi yad edilib.
Ordum.az-ın məlumatına görə, anım mərasimi şəhidin vaxtilə yaşadığı rayonun Fındığan kəndində keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, qazilər, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, Fındığan kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər.

Mərasimdə K.Əliyevin döyüş yolundan danışılıb, onun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətdən bəhs olunub.

Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Əliyev Kərim Qeyrətxan oğlu 2000-ci ildə Xızı rayonunun Fındığan kəndində anadan olub. Sentyabrın 27-də Vətən müharibəsi başlayan kimi K.Əliyev də təcrübəli snayperçi kimi döyüşlərdə iştirak etmək üçün könüllü olaraq orduya yazılıb.

Hadrut, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərə qatılıb və qəhrəmanlıq göstərib. Kərim ona tapşırılan döyüş əməliyyatlarının öhdəsindən məharətlə gələrək Vətən qarşısındakı müqəddəs borcunu layiqincə yerinə yetirib.

K.Əliyev ötən il noyabrın 4-də Şuşa yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə K.Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.




Facebook'da Paylaş