"Dəmir qanadlı" ləqəbli Vətən Müharibəsi Qəhrəmanının məzarı ziyarət olunub

22-10-2021, 18:17

"Dəmir qanadlı" ləqəbli Vətən Müharibəsi Qəhrəmanının məzarı ziyarət olunub

Bu gün Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım günüdür.

Ordum.az-ın xəbərinə görə, bu münasibətlə İkinci Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, anım mərasimi keçirilib.

Tədbirdə müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçıları Vətən Müharibəsi Qəhrəmanının məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar. Mərasimdə R.Qasımovun şərəfli həyat yolundan, vətənpərvərliyindən, pilot kimi Vətənə xidmətindən danışılıb.

Qeyd edək ki, Ramiz Vaqif oğlu Qasımov 1975-ci il fevralın 17-də Beyləqan şəhərində anadan olub. O, 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Tovuz döyüşlərində fərqlənib.


R.Qasımov müharibə zamanı Suqovuşan və Talış ətrafında olan ərazilərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və həmin ərazilərdə Ermənistan Ordusunun hərbi hədəflərinin məhv edilməsində fərqlənib.

"Dəmir qanadlı" ləqəbli R.Qasımov sentyabrın 27-də Ermənistan ordusunun hərbi hədəflərini məhv edəndən sonra geri qayıdan zaman Tərtər rayonu istiqamətində onun və 2 nəfər heyət üzvünün olduğu Mil Mi-8 helikopteri ermənilər tərəfindən vurulub. Ramiz Qasımov dərhal 2 nəfər heyət üzvünə tullanmağı əmr edib. Özü isə sürətlə hündürlüyünü itirən helikopteri Tərtər rayonunda yaşayış məntəqələrinin üzərinə düşməməsi üçün əlverişli yerdə endirməyə çalışıb. Nəticədə Mil Mi-8 Tərtər rayonu ərazisində boş sahəyə düşüb. R.Qasımov ağır yaralanıb.


Polkovnik-leytenant R.Qasımov 25 gün komada qaldıqdan sonra oktyabrın 22-də şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Ramiz Qasımova ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı fəxri adı verilib və "Vətən uğrunda" medalı ilə təltif edilib.




Facebook'da Paylaş