Azərbaycan-Çin münasibətləri ortaq siyasi iradəyə və qarşılıqlı maraqlara əsaslanır - QHT sədri

1-04-2023, 18:14

Azərbaycan-Çin münasibətləri ortaq siyasi iradəyə və qarşılıqlı maraqlara əsaslanır - QHT sədri

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. Çin 1991-ci il dekabrın 27-də Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. O dövrdən başlayaraq müxtəlif sahələrdə və müstəvilərdə olan əməkdaşlıq yüksələn xətt üzrə inkişaf etməkdə davam edir. Dövlət və hökumət başçıları səviyyəsində dəfələrlə rəsmi görüşlər keçirilib, ikitərəfli münasibətlərin inkişafı istiqamətində tədbirlər görülüb. Azərbaycan-Çin münasibətləri ortaq siyasi iradəyə və qarşılıqlı maraqlara əsaslanır. Bu, özünü siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə göstərir. Belə ki, Çin Xalq Respublikası və Azərbaycan Respublikası qarşılıqlı şəkildə bir-birinin suverenliyini və ərazilərinin toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən olan Çin Xalq Respublikası hər zaman Azərbaycanı dəstəklədiyini bildirir. Həmçinin Çin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün səylərini göstərməyə hazır olduğunu bildirib və BMT-nin müvafiq qətnamələrini hər zaman dəstəyini ifadə edib. Azərbaycan da Çinin “vahid Çin” siyasətinə hörmət edir və Tayvan, Tibet məsələlərində Çinin mövqeyini dəstəkləyir, Tayvanı Çinin vahid hissəsi kimi qəbul edir. Azərbaycanın xarici siyasətini Çin tərəfi də yüksək qiymətləndirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.
Azərbaycanla Çin arasında iqtisadi sahədə əməkdaşlığın qədim tarixə malik olduğunu bildirən QHT sədri deyib: “Tarixi ticarət marşrutu olan İpək yolundan başlayan bu əməkdaşlıq bu gün artıq yeni müstəvidə inkişaf etməkdədir. Bunu sübut etmək üçün, sadəcə, bir neçə faktı sadalamaq kifayətdir. 2015-ci ilin dekabrında “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin genişləndirilməsi, bu sahədəki problemlərin həlli məqsədilə Hökumətlərarası İqtisadi Komissiya yaradılıb”.
Onun sözlərinə görə, Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı Azərbaycandır. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir. Çin-Azərbaycan münasibətlərinin inkişafı və yeni perspektivlərin əldə edilməsi baxımından nəqliyyat-logistika sahəsində əməkdaşlıq xüsusi yer tutur. Məlumdur ki, Azərbaycanın bütövlükdə regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm işlər görülüb. Avropa ilə Asiyanı bir-birinə daha yaxın edəcək və Azərbaycanın da vacib rol oynadığı layihələrin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Çin-Azərbaycan münasibətlərini şərh edərkən müxtəlif sahələr üzrə çoxsaylı misallar göstərmək olar.
“Hazırda dünyanın bütün mənalarda qarışdığı bir zamanda dövlətlərarası münasibətləri qorumaq, əməkdaşlığı inkişaf etdirmək çox vacibdir. Dövlətimiz daim çoxvektorlu və praqmatik xarici siyasət kursu həyata keçirir. Cənubi Qafqaz kimi mürəkkəb bir regionda yerləşən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemini və dünya siyasətində öz mövqeyini gücləndirmək üçün əlaqə dairəsini genişləndirir və inkişaf etdirir. Bu əməkdaşlıq Azərbaycana lazım olduğu kimi, hazırkı dönəmdə Qafqaz, Xəzər-Qara-Baltik dənizləri hövzələri və Mərkəzi Asiyadakı bir sıra regional miqyaslı, qlobal xarakterli layihələrə xüsusi maraq göstərən Çin üçün də əhəmiyyətlidir. Avrasiya regionunda, xüsusilə də Cənubi Qafqazın ən güclü aktoru olan Azərbaycanın mühüm təsir imkanlarından istifadə Çinin də maraqlarına cavab verir. Bu, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, regional və beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf, mədəni əlaqələrin genişləndirilməsi baxımından həm region dövlətləri, həm də dünya üçün faydalı ola bilər”, - deyə QHT sədri diqqətə çatdırıb.




Facebook'da Paylaş