Misirin Su-35 təyyarələri hələ də təhvil verilməyib
Misirin 2019-cu ilin martında sifariş verdiyi Su-35 döyüş təyyarələrinin istehsalı başa çatsa da, hələ də təhvil verilməyib.
Ordum.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə və təhlükəsizlik də daxil olmaqla bir çox sahədə fəaliyyət göstərən Strategiya və Texnologiyaların Təhlili Mərkəzi (CAST) adlı tədqiqat mərkəzinin dərc etdiyi hesabatda qeyd olunub.
Hesabatda 2021-ci ilin Rusiyanın təyyarə ixracatında ən pis illərdən biri olduğu qeyd edilib. Mərkəz Misirlə imzalanmış 30 ədəd Su-35 döyüş təyyarəsinin tədarükü müqaviləsinin hələ də icra edilmədiyini vurğulayıb.
Rusiya mətbuatı təyyarələrin müəyyən aralıqlarla Misirə çatdırılmağa başladığını iddia etsə də, bu iddiaların heç biri öz təsdiqini tapmayıb.
Komsomolsk-na-Amur Aviasiya Zavodunda (KnAAZ) 2020-ci ildə 22, 2021-ci ildə isə 8 Su-35-in istehsalı gözlənilirdi. Əslində fabrik bu təyyarələrin istehsalını başa çatdırıb, lakin Misir üçün istehsal olunan təyyarələrin heç biri hələ də gətirilməyib. Məlumatda qeyd edilib ki, təyyarələr Komsomolsk-na-Amur və Jukovski şəhərlərində saxlanılıb.
Mütəxəssislərin fikrincə, çatdırılmaların hələ də başlamamasına səbəb ABŞ-ın Misirə qarşı CAATSA (“Amerikanın düşmənləri ilə sanksiya vasitəsilə mübarizə haqqında” qanun) sanksiyaları ilə hədələməsidir. Misir Yaxın Şərq regionunda Su-35 döyüş təyyarələri alacağı gözlənilən ilk ölkə olub.
Facebook'da Paylaş