Türkiyə zərbə helikopterləri üçün Ukraynadan mühərrik alır
Türkiyənin 11 tonluq T929 (Atak II) helikopterləri Ukraynanın ikikameralı, turbovallı, 2,5 min at gücünə malik motorları ilə təchiz olunacaq.
Musavat.com xarici agentliklərə stinadən xəbər verir ki, bu barədə “Turkish Aerospace Industries” (TAI) dövlət korporasiyasının rəhbəri Temel Kotil məlumat yayıb.
Onun sözlərinə görə, "Atak II"-lərin ilk uçuşunun 2023-cü ildə gerçəkləşdirilməsi nəzərdə tutulur.
Temel Kotil həmçinin Türkiyənin milli 5-ci nəsil qırıcı təyyarəsi haqqında da danışıb. Onun bildirdiyinə əsasən, şərti adı “Turkish Fighter X” (TF-X) olan bu təyyarənin bir ədədinin qiyməti 100 milyon dollardır. Temel Kotil təyyarənin ilk uçuşunun 2025-ci ilə baş tutacağını, 2029-cu ildən etibarən isə onun Türkiyə hərbi-hava qüvvələrinin təchizatına daxil olunacağını sözlərinə əlavə edib.
Türkiyə Hava Sənaye Təşkilatı ayda iki TF-X buraxmağı planlaşdırır. TAİ-nin bu anlaşmadan 2,4 milyard dollar gəlir gətirəcəyi gələn xəbərlər arasındadır.
Hələ bu ilin mart ayının əvvəllərində “19FortyFive” saytı Türkiyənin Rusiyadan Su-57 təyyarələrini də ala biləcəyini və bunun NATO üçün kabusa çevriləcəyini bildirmişdi. Rusiyanın Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin (FHTƏX) mətbuat katibi Valeri Reşetnikov Türkiyəyə həm “Su-35”, həm də “Su-57” təyyarələrinin satışı ilə bağlı danışıqlar aparmağa hazır olduğunu söyləyib.
Türkiyənin “Turkish Fighter X” (TF-X) layihəsi Rusiyanı da olduqca narahat edir. Hələ ötən ilin iyun ayında FHTƏX-nin rəhbəri Dmitri Şuqayev “Ekotürk” saytına verdiyi açıqlamada bu təyyarələrin “Su-57”lərə ciddi rəqib ola biləcəyini etiraf edib.
Həmin ilin iyul ayında Rusiyanın hərbi yönümlü “Zvezda” saytı TFX-ların Rusiya üçün təhlükə doğuracağını yazıb. Saytın xəbərində Türkiyə HHQ-nin 250 ədəd milli qırıcı alacağnı, Rusiyanın isə “Su-57”lərdən sadəcə 76 ədədini istehsal etmək gücündə olduğunu narahatlıqla vurğulayıb.
Facebook'da Paylaş