Türkiyə XİN: Almaniyanın ölkəmizə qarşı qarayaxma kampaniyasında iştirakı qəbuledilməzdir

1-06-2022, 22:24

Türkiyə XİN: Almaniyanın ölkəmizə qarşı qarayaxma kampaniyasında iştirakı qəbuledilməzdir

"Almaniyanın Yunanıstanın təxribatına uyğun siyasət yürüdərək, ölkəmizə qarşı qarayaxma kampaniyasında iştirak etməsi qəbuledilməzdir”.
Ordum.az xəbər verir ki, bu fikir Türkiyənin Xarici İşlər Nazirliyinin Almaniya Federativ Respublikasını qınayan bəyanatında yer alıb.

Bəyanatda Almaniya Federativ Respublikası Kansleri tərəfindən Türkiyəyə qarşı səsləndirilən əsassız bəyanatların qətiyyətlə rədd edildiyi öz əksini tapıb:

Biz NATO alyansında birgə iştirakımıza rəğmən, Yunanıstanın ölkəmizin hava məkanını pozmasına, təyyarələrimizi ölkəmizin hava məkanında və beynəlxalq hava məkanında sıxışdırmağa çalışmasına qarşı suverenliyimizi müdafiə etməyə davam edəcəyik".

Bəyanatda bildirilib ki, Yunanıstan dünyada öz ərazi sularından daha böyük hava məkanına iddialı olan yeganə ölkədir:

"Bu qeyri-qanuni iddiaya əsaslanaraq, beynəlxalq hava məkanından 6-10 mil məsafədə olan uçuşları “Yunanıstan hava məkanının pozulması” kimi qələmə vermək düzgün hesab olunmur".

Türkiyə Xarici İşlər Nazirliyi, son günlərdə dəniz sərhədində və adalarda gərginləşən Türkiyə-Yunanıstan münasibətlərində, qarşı tərəfi ittiham edib:

"Əgər qonşusunun suverenliyini, regional təhlükəsizliyini və sabitliyini təhdid edən bir aktor varsa, o da Yunanıstandır. Əslində Yunanıstan 1923-cü il Lozanna və 1947-ci il Paris sülh müqavilələrinə zidd olaraq Türkiyəyə yaxın adaları silahlandırır.

Bundan əlavə, Yunanıstan ölkəmizin həyati maraqlarına və hüdud azadlığına zidd olaraq Egeydəki ərazi sularını birtərəfli qaydada 6 dəniz milindən artıq genişləndirə biləcəyi ilə bağlı qanunsuz və ədalətsiz mövqeyini qoruyur".

Türkiyə XİN-in sözçüsü Tanju Bilgiç rəsmi Ankaranın heç bir dövlətin torpağında gözü olmadığını bildirib: "Bununla belə, beynəlxalq müqavilələrdə aydın şəkildə əks olunan tərksilah müddəalarını Yunanıstan tərəfinin açıq şəkildə pozaraq xalqımızın təhlükəsizliyinə qarşı yaratdığı təhdidlərə göz yummayacağımızı bildiririk".




Facebook'da Paylaş