Zülfüqarov: Minsk Qrupu niyə və hara qayıdır?
Minsk Qrupu qayıdır... Bu, yaxşıdır, yoxsa pis? Bu mövzu üzrə danışmadan əvvəl digər iki suala cavab vermək lazımdır:
Niyə məhz indi və hara? Bunu politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov soruçub:
“Regionda dominantlıq edən Türkiyə-Rusiya tandemi “Qərb tərəfdaşları”nın postmüharibə siyasi prosesi zamanın geri qaytarılmasına qərar verib... Niyə indi? Cavabın variantları çoxdur və bu, ayrıca, böyük akademik məqalənin mövzusudur.
Təbii ki, Azərbaycan tək və ya yalnız Türkiyə ilə birlikdə BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü ilə qarşıdurmaya getmək istəmədi”, - deyə o bildirib.
Politoloq “Minsk Qrupu haraya qayıdır?” sualına belə cavab verib:
“Bunun üçün 26 sentyabr 2020-ci ildə olan status-kvonu indiki günlə müqayisə etmək düzgün olardı. Aydındır ki, həmsədrlər tamamilə yeni şəraitdə nəyisə etmək üçün gələcək. Müqayisə üçün onların “5 rayonun azad edilməsi” haqqında son təklifini götürə bilərik. Ermənilər bu təklifi qəbul etsə idi, mənzərə bu gündəkindən qat-qat fərqli olardı. Yeri gəlmişkən, bu da ayrı bir mövzudur, ətraflı şəkildə açıqlanmalıdır. Məsələn, Şuşanın və Hadrutun azad edilməsi gündəlikdə yox idi, bunu hamı bilir, amma Laçın və Kəlbəcər rayonlarının yalnız axırda, demək olar ki, son statusun təsdiqi ilə eyni vaxtda azad ediləcəyinin nəzərdə tutulduğunu az adam bilir. Zəngəzur dəhlizi kimi bizim üçün strateji mövzu haqqında isə ümumiyyətlə heç nə yox idi. Eyni zamanda, işğaldan azad olunan rayonlara Azərbaycan Silahlı Qüvvələrinin qaytarılması qadağan edilirdi, ancaq yüngül silahlandırılmış hüquq-mühafizə orqanlarının mövcduluğuna icazə verilirdi.
Ona görə də Türkiyə-Rusiya tandeminin hakim olduğu dövrdə biz əsgərlərimizin qəhrəmanlığı və Ali Baş Komandanın siyasi iradəsi nəticəsində çox şey əldə edə bilmişik. Siyasətlə arası olmayan bəzi şəxslər məni Türkiyə və Rusiya əlaqələrini “qızıl yumurta gətirən siyasi tandem” adlandırdığıma görə tənqid edirdilər, amma ümid edirəm ki, indi onlar nəyi nəzərdə tutduğumu başa düşəcəklər...”
T.Zülfüqarovun sözlərinə görə, Azərbaycan münaqişənin yeni mərhələsinə daha hazırlıqlı şəkildə başlayır:
“MQ mövzusuna qayıdaq: Prezidentin müsahibəsində olan Minsk Qrupunun məşğuliyyəti məsələsinə əlavə etmək istərdim ki, bu mövzuda əsas məqam sülhməramlıların mandatı və onların tərkibinin transformasiyası olacaq. Bax, məhz bu mövzuda “hamı ilə hamının” güclü qarşıdurması baş verəcək. Əlbəttə, Ermənistanda qərbpərəst və rusiyapərəst qüvvələrin qarşıdurması davam edəcək. Bu da bizə siyasi manevr üçün obyektiv olaraq böyük çərçivə açır. Buna görə də biz Ermənistan-Azərbaycan münaqişəsinin (“Dağlıq Qarabağ” prefiksini unutmaq olar) yeni mərhələsinə daha güclü və hazırlıqlı gəldik”.
Facebook'da Paylaş