Azərbaycan Küveytdə keçirilən sərgidə təmsil olunub

25-11-2021, 21:05

Azərbaycan Küveytdə keçirilən sərgidə təmsil olunub

Küveyt Universitetinin Sabah Əl-Səlim şəhərciyində “COVID-19 pandemiyasından sonra tədrisə təhlükəsiz dönüş” adlı sərgi təşkil olunub. Tədbirdə Küveytin müxtəlif sektorlarını təmsil edən yerli qurumlarla yanaşı, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak edib.

Ordum.az xəbər verir ki, Azərbaycanın Küveytdəki səfirliyinin dəstəyilə sərgidə Azərbaycan stendi qurulub. Tədbir zamanı iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, turizm potensialı, sərmayə qoyuluşu imkanları barədə məlumat verilib, həmçinin çap materialları nümayiş etdirilərək paylanılıb. Bununla yanaşı, “Made in Azerbaijan” brendinin Küveytdə təbliği məqsədilə ölkəmizdə istehsal olunan “Azərçay” məhsulları sərgi iştirakçılarına hədiyyə edilib. Sərgini Küveyt Universitetinin müəllim-tələbə heyəti ilə yanaşı, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri ziyarət ediblər.

Sərgiyə gələnlərə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin dekabrın 15-dən etibarən bərpa olunacaq Bakı-Küveyt-Bakı istiqaməti üzrə reyslərinin uçuş cədvəli və xidmətləri barədə məlumat verilib. Eyni zamanda, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar onun həyat və yaradıcılığı haqqında səfirliyin dəstəyi ilə nəşr olunmuş vəsaitlər təqdim edilib.

Azərbaycan stendində videomateriallar vasitəsi ilə ölkəmizin tarixi-mədəniyyət abidələrinə, gəzməli-görməli yerlərinə virtual səyahət də təşkil olunub.

Sərgidə fəal iştiraka görə səfirliyə Küveyt Universitetinin sertifikatı təqdim edilib.




Facebook'da Paylaş