Azərbaycan Dillər Universitetində seminar: “XX əsr Çin tarixi”

12-09-2018, 23:00




Ordum.az AzərTac-a istinadla xəbər verir ki, sentyabrın 11-də İnstitutunda İkinci Dünya müharibəsinin 73-cü ildönümünə həsr olunmuş “XX əsr Çin tarixi” mövzusunda elmi seminar keçirilib. Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi Zhang Zunquo, İkinci Dünya müharibəsinin veteranları, səfirliyinin və Azərbaycan Dillər Universitetinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov və ÇXR-nın Azərbaycandakı səfirliyində akkreditə olunmuş hərbi attaşesi polkovnik Zhang Zunquo XX əsrin birinci yarısında Çində baş verən hərbi-siyasi hadisələrdən, Çin xalqının müstəqillik uğrunda mübarizəsindən danışıb, eyni zamanda, İkinci Dünya müharibəsi barədə məlumat veriblər. Bu müharibədə Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfələr verdiyi diqqətə çatdırılıb.

R.Abbasov 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışından sonra müharibə veteranlarının hüquqlarının bərpa edildiyini, onlara xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.
Seminarda Uzaq Şərqdə İkinci Dünya müharibəsi dövründə baş verən hərbi əməliyyatlarda iştirak edən qazilər həmin illərdə yaşanan hadisələrlə bağlı xatirələrini söyləyiblər.

Sonra “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, Azərbaycanın Çindəki səfirliyinin sabiq hərbi attaşesi, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevin “İkinci Dünya müharibəsində Asiya-Sakit okean regionunun hərbi-strateji əhəmiyyəti” mövzusunda elmi məruzəsi dinlənilib.

İkinci Dünya müharibəsində Qafqaz və Asiya-Sakit okean regionlarında gedən siyasi-hərbi, siyasi-iqtisadi hadisələrdən bəhs edən N.Əliyev bu müharibədə faşizm üzərində böyük Qələbədə azərbaycanlı döyüşçülərin, Bakı neftinin müstəsna rolunu vurğulayıb.
N.Əliyev İkinci Dünya müharibəsinə həsr etdiyi kitablarını təqdim edib, bu nəşrlər barədə məlumat verib.
ADU-nun müəllimləri Çin xalqının milli azadlıq mübarizəsinin əsas mərhələləri, Çin Kommunist Partiyasının fəaliyyəti və müharibənin son mərhələsində Çində hərbi-siyasi vəziyyət barədə danışıblar.

Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş və Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş olunub.

Sonda “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev qurumun adindan Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi Zhang Zunquo və tədbirdə iştirak edən Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyindən iştirak edən qonaqlarini, veteranları İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbə münasibəti ilə təbrik edib.






Facebook'da Paylaş