İRAN-DƏHLİZ: İranda islahatçı, mühafizəkar - hamısı bir bezin qırağıdır

9-10-2024, 15:45

İRAN-DƏHLİZ: İranda islahatçı, mühafizəkar - hamısı bir bezin qırağıdır


Vidadi Mustafayev yazır:

İRAN-DƏHLİZ: İranda islahatçı, mühafizəkar - hamısı bir bezin qırağıdır

Bəlkə İranda tanınan, islahatçı, panfarsist “Mehestan” (əyanlar, lordlar, ən böyüklər…) partiyası növbəti dəfə bəyanat yayaraq, İran dövlətini – XİN-i, Sərhəd Qoşunlarını, xüsusən İran ordusunu (Silahlı qüvvələr, Ordu, Sepah və Daxili qoşunlardan ibarətdir) Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır.
Partiya bəyanatında kimlərisə arxasınca aparmağı hədəfləyən bir siyasi qurum olduğunu unudaraq, Azərbaycana qarşı daşnakların, onların Qərb havadarlarının ən bəsit iftiralarını (2020-ci ildən etnik təmizləmə, köçüb gedənlərin evləri və əmlaklarının qəsb edilməsi və s.) təkrar etməkdən həya etmir. Partiya öz bəyanatında “Turan” dəhlizinin yaratdığı qorxudan digərlərinin görə bilmədiyi “uzaqvədəli” təhlükələri dilə gətirir. Partiya anti Azərbaycan və ermənipərəst təbliğatını genişləndirərək Qərbi Azərbaycan diskursunun Ermənistan və İran üçün “təhlükələri”ndən ağzı köpüklənə-köpüklənə danışır.
Partiya heç bir etika gözləmədən, utanıb-çəkinmədən “Turan” dəhlizinin guya İranın Qərb dünyası ilə əlaqəsini kəsəcəyini, həmin dəhlizdən Mərkəzi Asiya dövlətləri, Azərbaycan, Çin, Rusiya və Türkiyənin istifadə edəcəyini qeyd edərək İran dövlətini Azərbaycana münasibətdə sərt siyasət yeridərək onların da maraqlarına qarşı çıxmağa çağırır.
Partiya İran dövlətindən Azərbaycana qarşı hələ indiyə kimi heç kimin ağına gəlməyən böhran yaradılmasının ssenarisini də irəli sürür.
Ermənistanda və Qərbdə Qarabağdan könüllü şəkildə, rahatlıqla köçmüş ermənilərin qaytarılmasından Azərbaycana təzyiq vasitəsi kimi istifadə edildiyi halda, özünü həm də paniranist elan edən partiya yalnız ağılsız, prinsipsiz və mənəviyyatsız adamların ağlına gələ bilən ideya da irəli sürür.
Partiya ermənilərin “Artsax”a qaytarılması ilə kifayətlənməyərək, İran dövlətini 1988-ci il əhalinin siyahiya alınması əsasında burada “Öz müqəddəratını təyin etmə”yə dair referendum keçirilməsini dəstəkləməyə çağırır.
Paniranist/panfarsist ideoloqların, siyasətçilərin Azərbaycana, bəli-bəli təkcə Azərbaycan Respublikasına deyil, bütün Azərbaycana nifrətinin həddi-hüdudu yoxdur.
Onların əsas siyasəti Cənubi Azərbaycanlıları hərtərəfli təzyiq altında saxlamaq üçün Azərbaycan Respublikasına qarşı mümkün qədər geniş problemlər yaratmağa xidmət edir.
Daim geriyə, keçmişə baxmağa alışmış sözdə islahatçı, demokrat, ziyalılar unudurlar ki, onların gələcək günləri çoxdan keçmişdir.
08.10.2024




Facebook'da Paylaş