ÖZÜNƏ İNAMSIZLIQDAN İRƏLİ GƏLƏN AQRESSİVLİK
Son vaxtlarda İran İslam Respublikasının Azərbaycan Respubliakası ilə münasibətlərdə gərginlik yaratmaq siyasətini və həmin istiqamətdə atdığı ideoloji addımları rasional şəkildə izah etmək müəyyən problemlər yaradır.Zahirən gərginlik İran yük maşınlarının qanunsuz şəkildə Azərbaycanın Qarabağ bölgəsinə yük daşıması, Azərbaycanın tövsiyyələri və xəbərdarlığına məhəl qoymamasından sonra Azərbaycanın öz ərazisindən keçən yolda nəzarət məntəqələri yaratması və müvafiq tədbirləri həyata keçirməsindən sonra meydana gəlməyə başlamışdır. İlk vaxtlar İran tərəfi Azərbaycanın tələblərinin haqlı olduğunu və onları nəzərə almağa çalışdığını nümayiş etdirirdi. Lakin İranın Azərbaycanın öz ərazisində həyata keçirdiyi qanuni tədbirlərdən narahatlığı getdikcə artırdı və onun özünü büruzə verməsi üçün fürsət gözləyirdi. Belə fürsət Türkiyənin “Yeni Şəfəq” qəzetində Azərbaycanın millət vəkili Q.Həsənquliyevin 2016-cı ildə parlamentdə İranın Azərbacanın İsraillə münasibətlərinə görə təhdidinə cavab olaraq dediyi “İran Azərbaycana hücum etsə, xəritədən silinəcək…” sözlərini yenidən dərc etməsi ilə yaranıb. Yeni xəbər kimi təqdim edilən yazı Azərbaycan, Türkiyə, Pakistanın Azərbaycanda keçirdikləri birgə hərbi təlimlər ərəfəsində meydana gəlib. Buna Rəhbərin Ərdəbil ostanında nümayəndəsi Ərdəbil imam cüməsi ayətullah Amili sərt reaksiya verərək bildirib ki, guya bu müsahibə “Türkiyə və Azərbaycanın qonşuluq haqqını yerinə yetirmədiyini” göstərir. Ona görə İran sərhəd bölgəsində hərbi təlim keçirərək gücünü nümayiş etdirməlidir.
Sosial şəbəkələrdə ayətullahın dedikləri, xüsusilə “şirin quyruğu ilə oynamamaq “ məsləhəti geniş reaksiya doğurub. İran tərəfi həmin məsələyə münasibət bildirərək, dövlətin mövqeyi onun rəsmi qurumları tərəfindən bəyan edilir, deməklə ayətullahın söylədiklərinin rəsmi mövqe olmadığını vurğulayıb. Lakin ayətullahın statusu onun fikirlərinin sırf şəxsi xarakter daşmıdığını, ən azı müəyyən dairələrin, xüsusilə, demək olar ki, müstəqil və aqressiv xarici siyasət yeridən Sepahın mövqeyini əks etdirirdi. Təsadüfi deyil ki, ayətullah Ali Milli Təhlükəsizlik Şurasından Sepaha hərbi təlim keçirmək üçün guya icazə istəyirdi. Əslində ayətullah Sepahın mövqeyini ifadə edirdi.
İranın Azərbaycana münasibətinin əsil mahiyyəti Azərbaycan Prezidenti İlaham Əliyevin Vətən müharibəsinin başlanmasının birinci ildönümü günü (27 sentyabr 2021) Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibədən sonra özünü göstərmiş oldu .
Azərbaycan Prezidenti İran yük maşınlarının işğal dövründə də qanunsuz olaraq Azərbaycan ərazilərinə yük daşıdığı kimi hamıya və ilk növbədə İrana məlum olan adi bir faktı dilə gətirdi. Azərbaycan Prezidenti həmçinin İran İslam Respublikasının Azərbaycanla sərhəd bölgəsində hərbi təlimlər keçirməsinə münasibə bildirərkən, öz ərazisində hərbi təlimlər keçirməyi hər bir ölkənin suveren hüququ olduğunu vurğulayaraq sadəcə olaraq bundan əvvəlki 30 ildə işğal altında olan Azərbaycan əraziləri ilə həmsərhəd olan həmin ərazilərdə hərbi təlim keçirilmədiyinə təəccüb etdiyini bildirdi.
Həmin müsahibədən sonra İran siyasi və informasiya dairələrində bir əsil isterika meydana gəlməyə başladı.
İran tərəfi Azərbaycan Prezidentinin səsləndirdiyi faktları və fikirləri hər hansı bir digər faktlarla təkzib etmək üçün heç bir əsası olmadığından Azərbaycanın müstəqil xarici siyasətinə hücumlar edərək, tamamilə cəfəng iddialar səsləndirməyə başladılar. İran tərəfi bütün səviyyələrdə (hələlik prezidentin mövqeyi məlum deyil) hərbçilərin, xüsusən də Sepah generallarının əsas bir və bəzən də iki-üç absurd və əsassız iddialarını tutuquşu kimi təkrar etməyə başladılar. Əsas irad Azərbaycanın İsraillə əməkdaşlığı və əlavə olaraq guya Azərbaycanda hələ də terroristlərin ola bilməsi və nəhayət, Amerikanın varlığı iddiaları idi. İran tərəfi özünün Azərbaycana qarşı qeyri-qanuni və qeyri-konstruktiv əməllərini islah etmək əvəzinə, Azərbaycandan xarici, xüsusən də İsrailin bizim ölkədə mövcud olmayan hərbi qüvvələrinin, hətta ümümiyyətlə İsraildən olan mütəxəssislərin çxarılmasını tələb edir və həmin məqsədlə hətta, güc tətbiq etməklə hədələyir. İranda dövlətin davakar ünsürlərinin Azərbaycana qarşı hücum xarakterli siyasətinə geniş informasiya dəstəyi kampaniyası keçirilirdi. Ayrı-ayrı, müxtəlif statuslu rəsmilər, qeyri-rəsmilər aqrresiv siyasətə dəstək nümayiş etdirir, həmçinin kolektiv bəyanatlar verilir, elmi konfranslar keçirilir. Elmi konfranslardan birində bir alim ekspert məsələ ətrafında obyektiv fikir söyləmək əvəzinə Sepahın mövqeyinin şərhi ilə məşğul olmuşdur.
İranın antiazərbaycan isteriaksının səbəbi nədir?2020-ci ilin dekabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi altında Azərbaycan xalqının hərtərəfli dəstəyinə arxalanan rəşadətli ordunun Azərbaycan torpaqlarını 44 günlük Vətən müharibəsində düşməni işğal altında olan ərazilərdən qovaraq onun üzərində qazandığı tarixi qələbəyə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edən qardaş Türkiyə prezidenti, möhtərəm Rəcəb Təyyib Ərdoğanın təbrik çıxışı zamanı ayrılıq haqqında məşhur bayatını oxumasından sonra İranda yaranan isterikanı xatırlasaq, hazırki isterikanın mahiyyətini başa düşərik.
İran İslam Respublikasının hakim dairələrinin bir çox qrupları hər bir azərbaycanlı və türk ziyalısının, rəsmisinin İranla bağlı və ya bağlı kimi mənalandırılan ən adi sözlərindən oddan qorxan kimi qorxurlar. İran tərəfi həmin söz və ya sözlərin mənasına, deyilmə şəraitinə diqqət yetirmədən, onları böyük təhlükə kimi qarşılayır və onları İranın parçalanmasına yönəlmiş bir siqnal kimi dəyərləndirir. Böyük, qüdrətli “7000 illik” tarixi və “qalib mədəniyyəti” olan İran dövlətinin rəhbərliyi azərbaycanlıların və bəzən türklərin raket, pua, təyyarələri və s. deyil, sözlərindən niyə bu qədər qorxur?
Doğrudanmı İran rejimi və hətta dövləti bircə sözlə süqut edə və parçalana bilər?İran bir sözün, hətta çağırışın gücü ilə dağılmağa məruz qalmasa da, hakimiyyətin yeritdiyi daxili və xarici siyasətin nəticəsində, əgər belə davam edərsə, həqiqətən də dağılmağa məhkumdur. İranın bir sıra ağlı başında olan rəsmiləri, müxalifət nümayəndələri, ziyalılar İranın öz maraqları üçün təhlükəli xarici siyasət yeritdiyini vurğulayır və həmin fikri İranın dünyada və regionda təcrid olunması, ən əsası, dünyada ona dost olan bir ölkənin olmaması ilə əsaslandırırlar. Onların fikrincə, hətta İranla sıx əməkdaşlıq edən ölkələr belə onun, yəni bir ayağı VII, digər ayağı XXI əsrdə olan bir ölkənin dostu olmaq istəmirlər. Belə bir vəziyyət İranda anormal, anti-tarixi bir siyasi sistemin və onun başında duran siyasi qüvvələrin maraqlarını qorumağa yönəlmiş daxili və xarici siyasət nəticəsində meydana gəlmişdir. İran rejimi İslam adı altında İslam dünyasını parçalamaqla məşğul olaraq, Qərblə, onun mədəniyyətindən oddan qorxan kimi qorxaraq, əməkdaşlıq etməyə çalışır. Yəni İran heç bir ölkə ilə hərtərəfli, geniş əlaqələr sistemi qurmağa qadir deyil. İstənilən Qərb və Şərq ölkəsi, hətta əgər bir tərəfdən tərəfdaşdırsa, digər tərəfdən mədəni, mənəvi sferada düşmən kimi görünür.
Yəni İran istənilən ölkəni bir gözü ilə tərəfdaş, digər gözü ilə düşmən görür. İran belə vəziyyətdən xarici aləmdə istədiyi sahələrdə əlaqələri məhdudlaşdırmaq hesabına, ölkə və cəmiyyət üçün həll edilməz problemlər yaranmasını nəzərə almadan, çıxa bilir. Ona görə həmin baxımdan rejim özü üçün elə bir ciddi təhlükə görmür. Lakin həmin vəziyyət daxili siyasət nəticəsində daxildə yaradılmış və on illərlə davam edən daxili düşmənçilik sayəsində real təhlükə cizgiləri kəsb edir. Əgər xarici siyasətdə əsas problem həqiqi milli maraqlarla məhdud hakim təbəqənin maraqlarının uzlaşdırılmasının çətinliyindən, milli maraqları həmin təbəqənin maraqlarına tabe etməkdən yaranırsa, daxili siyasi problemlər bir tərəfdən siyasi sistem daxilində mövcud olan və müxtəlif sosial və siyasi qüvvələri təmsil edən cinah və ya qanadların hakimiyyət inhisarına malik olmaq səyləri, digər tərəfdən bir xalqın hakim təbəqəsinin ölkədə olan bütün digər xalqları əsarət altında saxlaması siyasəti nəticəsində yaranır. Mühafizəkar hesab edilən qüvvələr sistem daxilində fəaliyyət göstərən, əslində rejimi öz maraqları baxımından möhkəmləndirmək istiqamətində islahatçı adlandırılan qüvvələri 2009-cu il prezident seçkilərindən sonra baş verən geniş etiraz aksiyalarından sonra rejimin əsas düşmənləri, onu devirmək istəyən qüvvələr siyahısına daxil edibdir. Yəni rejim hətta öz sistem daxili rəqiblərinə belə düşmən gözü ilə baxır. Eyni münasibət İranda yaşayan milli/etnik və dini azlıqlara qarşı siyasətə də hakimdir. Rejim etnik və dini azlıqları öz mövcudluğu üçün əsas təhlükə hesab edir. İranda eyni ölkənin müxtəlif xalqlarına və dini qruplarına təhlükə mənbəyi kimi baxılmasının bütövlükdə dövlətin və cəmiyyətin inkişafı və müstəqilliyinə təhdid olduğu yaxşı dərk edilir, lakin hakim fars millətinin millətçi, şovinist dairələri öz hakim mövqeyini davam etdirmək və möhkəmləndirmək üçün daxili milli və dini düşməınçiliyi, ədavəti davam etdirməkdən və geri durmaqdan çəkinmir.
Doğrudan da dünyada ikinci belə dövlət tapılmaz ki, hakim xalqın hakim təbəqəsi ölkədə olan bütün xalqlara qarşı hərtərəfli, açıq-aşkar düşmənçilik siyasəti yeritsin, onları iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi əsarətdə saxlamaqdan əlavə həm də onlara qarşı informasiya, mənəvi, dözülməz mühit yaratsın. Təbiidir ki, həmin xalqlar daim özlərinin bu əsarət vəziyyətindən çıxması üçün fəaliyyət göstərməklə yanaşı, həm də İranda rejimin dəyişəcəyi, buna təkan verə biləcək günü və anı gözləyirlər.
2021-ci ilin əvvəllərindən hakimiyyət inhisarına nail olmuş mühafizəkarları təmsil edən rejimin tərəfdarlarının əqidəsinə görə, rejimə qarşı islahatçılardan, onların radikal ünsürləri hesab edilən qərbpərəstlər, liberallar və ölkənin müstəqillyi və ərazi bütövlüyü üçün əsas təhlükə mənbəlrindən bir hesab edilən etnik və dini azlıqlardan ibarət geniş daxili cəbhə mövcuddur.
İran rejimi özünə qarşı yaratdığı daxili təhlükədən çox qorxduğu üçün istənilən söz, fikir və çağırışı həmin baxımdan dəyərləndirərək, ona cavab verməyə çalışaraq. Əslində isə öz vəziyyətini bir qədər də ağırlaşdırır.
İran daimi və artmaqda olan daxili təhlükədən diqqəti yayındırmaq üçün əsas diqqəti mövcud olmayan xarici təhlükəyə yönəltməyə çalışır. Onu da qeyd etmək lazımdır ki, İranın xarici siyasəti nəticəsində “qazandığı” çoxsaylı düşmənləri rejimin möhkəmlənməsinə və daxili stabilliyə ciddi təsir göstərmədiyindən yeni xarici “düşmən” obrazına ehtiyac yaranmışdır. Hazırki şəraitdə İran üçün bir çox cəhətlərdən, o cümlədən İran-islam sivilizasiyası yaratmaq iddiasında olan, lakin xarici və daxili problemlər içində boğulan İran rejimi və cəmiyyəti üçün Vətən müharibəsində parlaq qələbə sayəsində öz torpaqlarını öz gücünə işğaldan azad etməklə, daim inkişaf edərək güclənməklə və demokratik, sivil, multikurtual, dünyəvi bir siyasi sistem olmaqla “pis” nümunə olan yeni düşmən roluna, deyəsən, Azərbaycanı seçmək daha perspektivli görünür. Çünki İran buna qədər öz xarici siyasəti nəticəsində “qazandığı” düşmənlərə qarşı müdafiə mövqeyi tuturdusa, indi güman edir ki, əhali və ərazicə özündən dəfələrlə kiçik olan Azərbaycana qarşı hücum mövqeyi nümayiş etdirə bilər və bununla da özünə inamını gücləndirə bilər.
Son günlərdə İranın Azərbaycanla münasibətlərdə yaratdığı gərginliyi Azərbaycan-İran, fars-türk münasibətləri və s. ilə deyil, qeyri sağlam əsaslar üzərində qurulmuş rejimin mövcudluğu, cəmiyyətin düşmən cəbhələrə və xalqlara parçalanması və artmaqda olan daxili düşmənçilik vəziyyəti ilə izah etmək lazımdır. İran rejimi daim çökmək təhlükəsi hiss etdiyinə görə hər bir sözə qeyri-təbii, qeyri-məntiqi, emosional reaksiya verərək öz qorxusuna üstün gəlməyə çalışır. Daxildə oturan qorxunu xaricə yönəlmiş aqressiya kimi neytralaşdırmağa çalışır.
Odur ki, “şir”in hər şeydən çox dünyanı yaradan sözdən qorxduğu özünü göstərmiş olur.
Vidadi Mustafayev5 oktyabr 2021Ordum.az
Facebook'da Paylaş