AŞPA-nın mövqeyi bütövlükdə Avropanın qeyri-obyektiv yanaşmasının göstəricisidir
"Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı aşkar qərəzli mövqenin nümayiş etdirilməsi bütövlükdə Avropanın dövlətimizlə bağlı qeyri-obyektiv yanaşmasının göstəricisidir. Bir çox halda Fransanın, Almaniyanın və digər bəzi ölkələrin Azərbaycan əleyhinə çıxışlarını ümumilikdə Avropanın mövqeyi kimi təqdim edəndə bu, mübahisələndirilir. Qeyd olunur ki, Fransanın mövqeyini bütövlükdə Avropanın mövqeyi kimi qəbul etmək doğru deyil. Lakin mən hesab edirəm ki, bu, Avropanın ölkəmizə qarşı qeyri-obyektiv, qərəzli mövqeyidir və Azərbaycanın müstəqillik tarixi boyunca müşahidə edilib".
Kanal 20 TV xəbər verir ki, bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, Fransa da, Almaniya da Avropanın həm siyasi, həm iqtisadi mənada lokomotivləridir və bütövlükdə struktur olaraq Avropa bu iki ölkəni qabağa verərək onların üzərindən Azərbaycana siyasi hücumlar edir. İqtisadi əməkdaşlıq maraqlarından çıxış edən digər ölkələr isə Azərbaycanla əməkdaşlıqlarını ifadə edirlər, lakin siyasi məsələdə bu imitasiyalarını çox da pərdələyə bilmirlər. O zaman Avropanın mövqeyi aşkar görünür. Məsələn, Şarl Mişelin bir mövqeyi olursa, Cozep Borelin tamamilə fərqli mövqeyi mahiyyət etibarilə Avropanın ümumi mövqeyini sərgiləyir. Brüssel görüşləri zamanı da bunun şahidi olurduq.
Şarl Mişelin Azərbaycanın ədalətli mövqeyini heç vaxt açıq mətnlə müdafiə etmədiyini xatırladan deputat bildirib ki, hətta onun sərgilədiyi neytrallığı da Cozep Borel açıq şəkildə aradan qaldıraraq, Avropanın kimin yanında olduğunu nümayişkaranə şəkildə göstərib: "Eləcə də AŞPA-da eyni mənzərəni gördük. Təkcə köhnə qitənin deyil, Avropanın ciddi təsir imkanları mövcud olan postsovet ölkələri də Azərbaycana dəstək vermədilər. Bu sırada Ukraynanı, Gürcüstanı, Moldovanı xüsusi qeyd etmək lazımdır. Azərbaycan bu üç ölkənin hər biri ilə normal münasibətdədir, yüksək əməkdaşlıqları mövcuddur. Xüsusilə Ukrayna Azərbaycana münasibətdə olduqca qeyri-səmimi davranış sərgilədi, yəni bu ölkənin davranışı daha çox təəccüb doğurdu".
E.Mirbəşiroğlu deyib ki, Moldovada hakim partiya kifayət qədər konstruktiv və rasional baxışlıdır, amma Gürcüstan Prezidentinin hakimiyyətdə saxlanılması birbaşa Avropadan asılıdır. Ümumiyyətlə, Avropanın Gürcüstana təsiri Moldova və Ukraynadakı qədər olmasa da, amma kifayət qədər ciddidir. Bu amil də təsirsiz ötüşməyib.
Deputat hesab edir ki, Ukrayna və Moldova, ümumiyyətlə, müstəqil qərar qəbul etmək imkanlarına sahib deyillər. "Bu ölkələrdəki rejimləri Qərb formalaşdırıb və müvafiq olaraq onlar Avropanın təlimatları ilə hərəkət edirlər. Bu, bir reallıqdır. Verdikləri qərarları da məhz Avropa dairələri ilə koordinasiya edirlər. Bu baxımdan düşünürəm ki, üç ölkə Azərbaycan kimi etibarlı, hər zaman dəstək olmağa çalışan, kifayət qədər geniş əməkdaşlıq imkanlarına malik, öz ədalətli mövqeyi ilə seçilən dövlətə dəstək nümayiş etdirməməklə Avropanın təsiri altında olduqlarını bir daha sərgiləmiş oldular".