Prezident İlham Əliyevin təşəbbüsləri qlobal təhlükəsizliyin təminində təsirli rol oynayıb - Elşad Mirbəşiroğlu
“2023-cü il Azərbaycan xalqının tarixi yaddaşında daim qalacaq çox mühüm hadisələrlə zəngindir. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərimizdə suverenliyin təmin olunduğu bir şəraitdə Azərbaycan vətəndaşları öz seçki hüquqlarından istifadə edəcəklər”.
Bu sözləri YAP İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu YAP İdarə Heyətinin genişləndirilmiş iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, İlham Əliyevin təkcə Azərbaycan dövləti və xalqı qarşısında deyil, bütün dünya qarşısında çox böyük xidmətləri var: “Heç bir mübaliğəyə yol vermədən qeyd edə bilərik ki, cənab İlham Əliyev təkcə Azərbaycan xalqına, dövlətçiliyinə deyil, bütün dünyaya gərəkdir. Çünki onun təşəbbüsləri, həqiqətən də, qlobal təhlükəsizliyin bir çox istiqamətlərdə təmin olunmasında təsirli rol oynayıb. Bu kontekstdə bir məqamı ayrıca vurğulamaq lazımdır ki, BMT-nin mövcudluğu tarixində Baş Assembleyanın xüsusi toplantısı dördüncü dəfə Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilib, bu da bəşəriyyəti narahat edən çox ciddi problemin müzakirəsinə həsr olunmuşdu”.
E.Mirbəşiroğlu vurğulayıb ki, Prezident İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında, Cənubi Qafqaz regionunda, beynəlxalq müstəvidə vermiş olduğu töhfələri sadalamaqla sonlandırmaq mümkün deyil.
O hesab edir ki, Yeni Azərbaycan Partiyasının İdarə heyəti tarixi bir qərar verir.
Facebook'da Paylaş