AŞPA-nın siyasi təxribatı

26-01-2024, 12:42

AŞPA-nın siyasi təxribatı

Bir çox hallarda AŞPA rəsmiləri Azərbaycanla bağlı yalan faktlarla, uydurmalarla çıxış edirlər
Azərbaycan xalqı bir çox sahədə özünə qarşı Qərbdən ikili standarta mövqe görüb. Məsələn, Azərbycanın atdığı bir çox addımlar zaman-zaman Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən Qərbsayağı şəkildə siyasiləşdirilmişdir. Bu münasibət də qərəzin açıq-aydın təzahürdür. AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib. AŞPA-nın bu son mövqeyi də təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Bir vaxtlar Qarabağ münaqişəsinin də həllinin gecikdirilməsi ikili standartdlardan xəbər verirdi. Əslində, AŞPA kimi beynəlxalq təşkilatlar hər zaman öz maraqları naminə bu kimi münaqişələrdən istifadə ediblər. Hətta əksər hallarda özləri belə münaqişə zonalar yaradırlar ki, dünyanın ictimai-siyasi nizamını əllərində saxlasınlar. AŞPA 30 ilə yaxın müddətdə Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa məcbur edə bilmirdi. Bu kimi məsələlərdə AŞPA-nın açıq dəstəyinin olmaması Azərbaycanı hər zaman narahat edirdi. Azərbaycan hər zaman sülh istəyir. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur. 23 illik üzvlüyü dövründə AŞPA-nın beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir. Artıq AŞPA-ya böyük inamsızlıq var. Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcəkdir. Bu kimi ədalətsizliklər bir neçə dəfə təkrar olunub. Lakin Azərbaycan dövləti və cəmiyyəti siyasi iradə nümayiş etdirərək Qərbin haqsızlığına qarşı mübarizə aparıb və istəyinə çatıb.
AŞPA-da Azərbaycana qarşı ardıcıl şəkildə hücumlar olub. Frank Şvabe vaxtilə AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi olmuş Kristofer Ştrasserin yolunu davam etdirir. Frank Şvabe də reallığı əks etdirməyən fikirlər səsləndirərək Azərbaycanla bağlı AŞPA-da aparılan müzakirələrdə məqsədli çıxışlar edir. Onun çıxış qabaqcadan planlaşdırılmış addım idi. Qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Bu kimi qərəzli davranışlara görə Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı dayandırıb. Bununla bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti yanvarın 24-də qurumun Strasburqdakı binasında bəyanatla çıxış edib. Bəyanatda vurğulanıb ki, Azərbaycan Respublikası qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir: “Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb.
AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”.
Qərbdəki bəzi dairələrin eybəcərlikləri bir daha üzə çıxdı. Azərbaycanı növbəti dəfə ittiham hədəfinə çevirməyə çalışırlar. Belə olan halda AŞPA-ya inamsızlığın yaranması təbbidir. AŞPA rəsmilərinin fəaliyyətinin obyektivliyinə şübhə ilə yanaşmamaq olmur. Ona görə də Azərbaycan AŞPA-ya üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. Çünki Azərbaycanın lobbiçilik fəaliyyəti AŞPA-dakı bəzi dairələrdə qısqanclıq yaradır. Azərbaycan obyektiv və qərəzsiz fəaliyyətin tərəfdarıdır. AŞPA-dan isə bir çox məsələyə qeyri-obyektiv yanaşma görmüşük. Bu da qəbuledilməzdir.
AŞPA-nın məlum addımı Azərbaycan ictimaiyyəti tərəfindən də etirazla qarşılanıb. Bir çox ictimaiyyət nümayəndələri AŞPA-nın Azərbaycanla bağlı atdığı son addımı tamamilə qərəzli və sifarişli olduğunu qeyd edirlər. AŞPA-ının obyektivliyi şübhə doğurur. Artıq AŞPA obyektiv mövqeyə malik qurum kimi tanınmır. Qeyd etdiyimiz kimi AŞPA həmişə Azərbaycana ikili standartla yanaşıb. Azərbaycan hələ də indiyə kimi AŞPA-dan əsaslı siyasi dəstək görməyib. Bir çox hallarda AŞPA rəsmiləri Azərbaycanla bağlı yalan faktlarla, uydurmalarla çıxış edirlər. AŞPA Azərbaycanda vəziyyəti öyrənmədən qərar verir. AŞPA-da Azərbaycanı istəməyən qüvvələr komanda halında fəaliyyiət göstərirlər. Onlar Azərbaycana qarşı mənfi rəy yartmaq üçün bu kampaniyanı aparırlar. Bu da ölkəmizə qarşı yeni bir siyasi təxribatdır. Əlbəttə ki, məqsədləri Azərbaycana siyasi təsir etməkdir.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent




Facebook'da Paylaş