İlham Əliyev soydaşlarımızla bağlı strategiyanı açıqladı…

26-11-2022, 15:00

İlham Əliyev soydaşlarımızla bağlı strategiyanı açıqladı…

Əliyev Cənubi Azərbaycanla bağlı mesajlar verdi və Tehran rejiminin Azərbaycana qarşı hücumlarından sonra ilk dəfə bu qədər açıq danışaraq, hər şeyi öz adı ilə adlandırdı.

Birincisi, Arazın o tayındakı soydaşlarımızın Azərbaycan xalqının bir hissəsi olduğunu bəyan etdi: bundan öncəki çıxışlarında onlar haqda “40 milyon soydaşımız” deyə bəhs etmişdi, indi “İranda yaşayan azərbaycanlılar” adlandırmaqla daha da konkretləşdirdi;
İkincisi, “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik” sözləri ilə Azərbaycanın xarici siyasətində Cənubi Azərbaycan istiqamətini elan etdi: Bakı cənubdakı azərbaycanlıların müdafiəsini üzərinə götürür;
Üçüncüsü, soydaşlarımızın müdafiəsi üçün hansı addımların atılacağının da mesajını verdi: Bakı cənubdakı soydaşlarımızın ana dilində təhsil almaq hüququnun təmin edilməsi uğrunda mübarizəyə dəstək verəcək.
Mümkündür ki, bu istiqamətdə iş həm beynəlxalq müstəvidə, həm də Arazın bu tayında davamlı olaraq aparılacaq. Əliyevin bu çıxışı eyni zamanda, cənubdakı soydaşlarımızı ana dili və milli kimlik uğrunda mübarizəni daha güclü şəkildə aparmağa sövq edəcək.
Prezidentin İranla bağlı dediklərindən çıxan ümumi nəticə belədir: məsələ epizodik xarakter daşımır və Tehranla münasibətlərin mümkün normallaşması cənubdakı soydaşlarımızın hüquqlarının müdafiəsini arxa plana keçirməyəcək; əksinə, rəsmi Bakı bundan sonra İranla münasibətlərə soydaşlarımızın ana dilində təhsil alma hüququnu əsas punktlardan biri olaraq daxil edə bilər.




Facebook'da Paylaş