Görünməyən qəhrəmanla görüş

5-10-2022, 16:15

Görünməyən qəhrəmanla görüş

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Vətən sənə canım fəda” layihəsi uğurla davam etdirilir. Layihənin fəaliyyət planına uyğun olaraq növbəti tədbir oktyabrın 4-də Sumqayıt Tarix Muzeyində yerləşən “Didərgin muzey”ində keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, Sumqayıt şəhərindəki 39 nömrəli orta məktəbin yuxarı sinif şagirdlərinin muzeyə gəlişi ilə başlanan tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi sükutla anılıb. Sonra Sumqayıt Tarix Muzeyinin direktoru Aygün Zülfüqarlı tədbir iştirakçılarına muzeyin yaranma tarixi, bölmələri və eksponatları barədə məlumat verib.
Layihə rəhbəri, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu əvvəlcə layihəyə maliyyə dəstəyi verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, təşkilati dəstəyə görə isə Abşeron-Xızı Regional Təhsil İdarəsinin və Sumqayıt Tarix Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. Sonra XX əsrdə xalqımızın kütləvi terror və qanlı soyqırımlarına məruz qalması, kənd və yer adlarımızı dəyişən erməni vandallarının əcdadlarımızın yaratdığı tarixi abidələri, məscidləri, qalaları dağıdaraq izini itirmələri barədə gənc nəsli məlumatlandırıb. 1988-ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycandan soydaşlarımızın silah gücünə, qanlı qırğınlarla deportasiya olunmasından, son nəfərinədək ata yurdundan qovulmasından, o qanlı hadisələr zamanı öz həyatını təhlükəyə ataraq qeyri-adi fədakarlıq göstərən tarix müəllimi Bəxşeyiş Ələmşahovun qəhrəmanlığından söz açıb. Qeyd edib ki, Bəxşeyiş müəllim o vaxtlar Zəngəzuru qarış-qarış gəzərək xalqımızın ulu keçmişindən soraq verən nə tapıbsa toplayıb. Gərgin zəhməti nəticəsində 1985-ci ildə Qafan rayonunun Müsəlləm kəndində -işlədiyi orta məktəbdə tarix-diyarşünaslıq muzeyi yaradıb. Təəssüf ki, 3 il sonra erməni faşistləri gənc tarixçinin şagirdlərini məktəbindən, ailəsini od-ocağından didərgin salıb. Onun gənclərimizə həqiqi tariximizi öyrətmək arzusunu gözündə qoyub.
O qanlı hadisələrdən, 32 il ərzində millətimizin başına gətirilən faciələrdən danışan natiq 44 günlük Vətən müharibəsində erməni faşizminin məğlubiyyəti nəticəsində yaranmış hərbi-siyasi vəziyyəti də təhlil edib. O, Vətən müharibəsində Zəfər çalmaq üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu hərbi-taktiki manevrlərdən, beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq davasında yanımıza çəkmək üçün diplomatik gedişlərindən, dünyanın aparıcı kütləvi informasiya vasitələrini Azərbaycanın haqq səsini yaymağa necə səfərbər etməsindən danışıb.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindəki Zəfər insanlarımızın 1988-ci il deportasiyasından, Xocalı soyqırımından sonra itirilmiş inamını özünə qaytardı. Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna güvəni qat-qat artırdı. Azərbaycan cəmiyyətini, respublikada fəaliyyət göstərən siyasi partiyaları və diaspor təşkilatlarını Prezidentin ətrafında sıx birləşdirdi. Odlar yurdunda doğulan hər kəs, milliyyətindən asılı olmayaraq Vətən dardadır, - deyib ayağa qalxdı. Hərbi səfərbərlik elan olunmadan minlərlə Azərbaycan gənci könüllü olaraq erməni işğalçılarına qarşı döyüşmək üçün cəbhəyə getdi. Bu həmrəylik, bu tarixi birlik, 30 ildə haqqında mif yaradılmış ordusunun darmadağın edilməsi erməni cəmiyyətini şoka saldı. On min erməni əsgəri fərarilik edib ordudan qaçdı. “Dəmir yumruq” düşmənin başını əzə-əzə qartallı qayalardan Şuşa qalasına “Zəfər Yolu” açdı. Zəfər sayəsində şəhidlərimizin intiqamı alındı, girovlarımız azad olundu, toplu məzarlarımız aşkarlandı. Qaçqınlarımızın yurd həsrətinə son qoyuldu. Nəhayət “Böyük Qayıdış”a start verildi. Qarabağın yeni növrağı başlandı.
1988-ci ilin görünməyən qəhrəmanı, Sumqayıtdakı 39 saylı məktəbin direktoru Bəxşeyiş Ələmşahov Zəngəzurdakı şagirdləri, Müsəlləm 8 illik məktəbində yaratdığı tarix-diyarşünaslıq muzeyi və 1988-ci ilin qara günləri barədə xatirələrini şagirdləri ilə bölüşüb.
Tədbirdə məktəblilərə ”Vətən sənə canım fəda” layihəsi çərçivəsində hazırlanmış “Zəfərdən-zəfərə” adlı buklet və Tamxil Ziyəddinoğlunun “Güllə səsinə açılan qapı” kitabı paylanıb. Daha sonra Zəngəzurda doğulmuş müəlliflərin kitabları muzeyə və 39 saylı məktəbin kitabxanasına hədiyyə edilib.
Onu da qeyd edək ki, tarixçi müəllim, “Ordum.az” informasiya portalının redaktoru Siyavuş Əmirli öz internet səhifəsində tədbiri canlı yayımlayıb.




Facebook'da Paylaş