“Dəmir yumruğun təntənəsi” adlı ədəbi-bədii görüş keçirilib

21-09-2022, 13:21

“Dəmir yumruğun təntənəsi” adlı ədəbi-bədii görüş keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Vətən sənə canım fəda” layihəsi uğurla davam etdirilir. Layihənin fəaliyyət planına uyğun olaraq Bakı şəhərində yaradılmış Hərbi Qənimətlər Parkında “Dəmir yumruğun təntənəsi” adlı ədəbi-bədii görüş keçirilib.
Bu barədə Ordum.az-a “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib. Mehdiabad qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdən başlanan tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi sükutla anılıb. Sonra məktəbin direktoru Afət Camalova tədbir iştirakçılarının diqqətini son günlər işğaldan azad edilmiş ərazilərlə düşmənin təmas xəttində baş vermiş hadisələrə cəlb edib. Bildirib ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin törətdikləri təxribata rəşadətli Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatla layiqli cavab verib. Bu gün parta arxasında əyləşən məktəblilər sabah səngərlərdə keşik çəkəcək, Vətənə layiqli övlad olacaqlar.
Layihə rəhbəri, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu Vətən müharibəsində zəfər çalmaq üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu hərbi-taktiki manevrlərdən, beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq davasında yanımıza çəkmək üçün diplomatik gedişlərindən, dünyanın aparıcı kütləvi informasiya vasitələrini Azərbaycanın haqq səsini yaymağa necə səfərbər etməsindən danışıb. XX əsrdə xalqımızın kütləvi terror və qanlı soyqırımlarına məruz qalması, kənd və yer adlarımızı dəyişən erməni vandallarının əcdadlarımızın yaratdığı tarixi abidələri, məscidləri, qalaları dağıdaraq izini itirmələri barədə gənc nəsli məlumatlandırıb. O, 44 günlük Vətən müharibəsində erməni faşizminin məğlubiyyəti nəticəsində yaranmış hərbi-siyasi vəziyyəti təhlil edib.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindəki Zəfər insanlarımızın 1988-ci il deportasiyasından, Xocalı soyqırımından sonra itirilmiş inamını özünə qaytardı. Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna güvəni qat-qat artırdı. Azərbaycan cəmiyyətini, respublikada fəaliyyət göstərən siyasi partiyaları və diaspor təşkilatlarını Prezident İlham Əliyevin ətrafında sıx birləşdirdi. Odlar yurdunda doğulan hər kəs milliyətindən asılı olmayaraq Vətən üçün ayağa qalxdı. Hərbi səfərbərlik elan olunmadan minlərlə Azərbaycan gənci könüllü olaraq erməni işğalçılarına qarşı döyüşmək üçün cəbhəyə getdi. Bu həmrəylik, bu tarixi birlik, 30 ildə haqqında mif yaradılmış ordusunun darmadağın edilməsi erməni cəmiyyətini şoka saldı. On min erməni əsgəri fərarilik edib ordudan qaçdı. “Dəmir yumruq” düşmənin başını əzə-əzə qartallı qayalardan Şuşa Qalasına “Zəfər Yolu” açdı. Zəfər sayəsində şəhidlərimizin intiqamı alındı, girovlarımız azad olundu, toplu məzarlarımız aşkarlandı. Qaçqınlarımızın yurd həsrətinə son qoyuldu. Nəhayət, böyük qayıdışa start verildi. 2022-ci iyulun 19-da Şərqi Zəngəzurun Ağalı kənd sakinlərinin ilk qrupu yurda qayıtdı. Qarabağın yeni növrağı başlandı. Dəmir yumruğun əzmi zaman-zaman doğma ocağından didərgin salınmış Qərbi azərbaycanlı soydaşlarımızın bir Zəfər dastanının da o yerlərdə yazılacağına inamını gücləndirdi.
Tarixçi müəllim, “Ordum.az” informasiya portalının redaktoru Siyavuş Əmirli 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatından söz açıb.
Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin hərbi rəhbəri, baş leytenant Hidayət Nağıyev 44 günlük müharibədə silahlı qüvvələrimizin məhv etdiyi və düşməndən qənimət götürdüyü, Hərbi Qənimətlər Parkında sərgilənən hərbi texnikalar barədə məlumat verib. Bildirib ki, döyüş meydanında düşmənin məhv edilən canlı qüvvəsi ilə bərabər 125 artilleriya topu, 366 tankı, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını, digər texnikaları məhv edilib və qənimət kimi götürülüb.
Tədbirin rəsmi hissəsindən sonra məktəbli gənclərə “Vətən, sənə canım fəda” layihəsi çərçivəsində hazırlanmış “Zəfərdən- zəfərə” adlı buklet və Tamxil Ziyəddinoğlunun “Güllə səsinə açılan qapı” kitabı hədiyyə edilib. Daha sonra layihə iştirakçıları Azərbaycan Dövlət Himninin sədaları altında Hərbi Qənimətlər Parkına ekskursiyaya yollanıblar.




Facebook'da Paylaş