Görünməyən qəhrəmanla görüş

4-10-2022, 19:34

Görünməyən qəhrəmanla görüş

Görünməyən qəhrəmanla görüş

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Vətən sənə canım fəda” layihəsi uğurla davam etdirilir. Layihənin fəaliyyət planına uyğun olaraq növbəti tədbir Oktyabrın 4-də Sumqayıt şəhərindəki Tarix muzeyində yerləşən “Didərgin muzey”də keçirilib.


Sumqayıt Şəhərindəki 39 nömrəli orta məktəbin yuxarı sinif şagirdlərinin muzeyə gəlişilə başlanan tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi sükutla anılıb. Sonra Sumqayıt Tarix Muzeyinin direktoru Aygün Zülfüqarlı tədbir iştirakçılarına muzeyin yaranma tarixi, bölmələri və eksponatları barədə məlumat verib. Bildirib ki, Sumqayıt Şəhərinin Tarixi Muzeyi 9 ekspozisiya zalından ibarətdir. Muzeyin ümumi sahəsi 2680 m2-dir. XVI əsrdən başlayaraq bu günümüzə qədərin xronoloji ardıcıllığı muzey ekspozisiyasının mövzusunu təşkil edir. Əsas fondda 15000 eksponat mühafizə olunur. Muzeyin ekspozisiyası iki zalda tərtib olunub.
Birinci mərtəbənin ekspozisiya zalında yaradılmış Heydər Əliyev guşəsində Ulu öndərin büstü, qəzet və jurnallar toplusu, onun Sumqayıt səfərləri ilə bağlı sənədlər, fotoşəkillər əks olunub. İkinci mərtəbənin böyük ekspozisiya zalında inşaat, ilk müəssisələr, quruculuq işləri, əmək qabaqcılları və s. haqqında məlumatlar, əşyalar yerləşdirilib. Kiçik ekspozisiya zalında sumqayıtlı Milli Qəhrəmanlar haqqında guşə, şəhidlərə həsr edilmiş “Ulduz axını” abidəsi və Sumqayıt şəhidləri əsərləri əks olunub.


Layihə rəhbəri, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu əvvəlcə layihəyə maliyyə dəstəyi verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, təşkilati dəstəyə görə isə Abşeron -Xızı Regional Təhsil İdarəsinin və Sumqayıt Tarix Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. Sonra XX əsrdə xalqımızın kütləvi terror və qanlı soyqırımlarına məruz qalması, kənd və yer adlarımızı dəyişən erməni vandallarının əcdadlarımızın yaratdığı tarixi abidələri, məscidləri, qalaları dağıdaraq izini itirmələri barədə gənc nəsli məlumatlandırıb. 1988-ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycandan soydaşlarımızın silah gücünə, qanlı qırğınlarla deportasiya olunmasından, son nəfərinədək ata yurdundan qovulmasından, o qanlı hadisələr zamanı öz həyatını təhlükəyə ataraq qeyri-adi fədakarlıq göstərən tarix müəllimi Bəxşeyiş Ələmşahovun qəhrəmanlığından söz açıb. Qeyd edib ki, Bəxşeyiş müəllim o vaxtlar Zəngəzuru qarış-qarış gəzərək xalqımızın ulu keçmişindən soraq verən nə tapıbsa toplayıb. Gərgin zəhməti nəticəsində 1985-ci ildə Qafan rayonunun Müsəlləm kəndində-işlədiyi orta məktəbdə Tarix-diyarşünaslıq muzeyi yaradıb. Təəssüf ki, 3 il sonra erməni faşistləri gənc tarixçinin şagirdlərini məktəbindən, ailəsini od-ocağından didərgin salıb. Onun gənclərimizə həqiqi tariximizi öyrətmək arzusunu gözündə qoyub.

O qanlı hadisələrdən, 32 il ərzində millətimizin başına gətirilən faciələrdən danışan natiq 44 günlük Vətən Müharibəsində erməni faşizminin məğlubiyyəti nəticəsində yaranmış hərbi-siyasi vəziyyəti də təhlil edib.
Vətən müharibəsində zəfər çalmaq üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu hərbi-taktiki manevrlərdən, beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq davasında yanımıza çəkmək üçün diplomatik gedişlərindən, dünyanın aparıcı kütləvi informasiya vasitələrini Azərbaycanın haqq səsini yaymağa necə səfərbər etməsindən danışıb.
Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsindəki zəfər insanlarımızın 1988-ci il deportasiyasından, Xocalı soyqırımından sonra itirilmiş inamını özünə qaytardı. Ali Baş Komandana, rəşadətli Azərbaycan ordusuna güvəni qat-qat artırdı. Azərbaycan cəmiyyətini, respublikada fəaliyyət göstərən siyasi partiyaları və diaspor təşkilatlarını Prezidentin ətrafında sıx birləşdirdi. Odlar yurdunda doğulan hər kəs, milliyətindən asılı olmayaraq Vətən dardadı,- deyib ayağa qalxdı. Hərbi səfərbərlik elan olunmadan minlərlə Azərbaycan gənci könüllü olaraq erməni işğalçılarına qarşı döyüşmək üçün cəbhəyə getdi. Bu həmrəylik, bu tarixi birlik, 30 ildə haqqında mif yaradılmış ordusunun darmadağın edilməsi erməni cəmiyyətini şoka saldı. On min erməni əsgəri fərarilik edib ordudan qaçdı. “Dəmir Yumruq” düşmənin başını əzə-əzə qartallı qayalardan Şuşa Qalasına “Zəfər Yolu” açdı. Zəfər sayəsində şəhidlərimizin intiqamı alındı, girovlarımız azad olundu, toplu məzarlarımız aşkarlandı. Qaçqınlarımızın yurd həsrətinə son qoyuldu. Nəhayət Böyük qayıdışa start verildi. Qarabağın yeni növrağı başlandı.
Dəmir Yumruğun əzmi zaman-zaman doğma ocağından didərgin salınmış Qərbi azərbaycanlı soydaşlarımızın bir Zəfər dastanının da o yerlərdə yazılacağına inamını gücləndirdi.

1988-ci ilin görünməyən qəhrəmanı, Sumqayıtdakı 39 saylı məktəbin direktoru Bəxşeyiş Ələmşahov Zəngəzurdakı şagirdləri, Müsəlləm 8 illik məktəbində yaratdığı Tarix-diyarşünaslıq muzeyi və 1988-ci ilin qara günləri barədə xatirələrini indiki şagirləri ilə bölüşüb. O vaxt min cür əziyyətlə yığdığı eksponatları, alın tərilə yaratdığı muzeyi düşmən əlindən xilas etməyin yaşatdığı ağrı-acılardan danışıb.

Sonra Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci il tarixində başlanan cəbhəboyu təxribatlara əkshücumla göstərdiyi həmlələrdən söz açıb. Qeyd edib ki, ordumuz qısa müddətdə bir çox şəhər və kəndlərimizi döyüşə-döyüşə azad etdi. Eyforiyaya qapılmış ermənistan ordusunun beli isə Şuşa uğrunda gedən əlbəyaxa döyüşdə qırıldı. Məğlub ordusunu xilas etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktına imza atdı. Nəticədə Kəlbəcər, Laçın və Ağdam rayonlarının işğal altında olan hissələrini döyüşsüz geri aldıq.

Döyüş meydanında düşmənin məhv edilən canlı qüvvəsilə bərabər 125 artilleriya topu, 366 tankı, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını, digər texnikaları məhv edilib və qənimət kimi götürülüb.

Tədbirin rəsmi hissəsindən sonra məktəbli gənclərə”Vətən sənə canım fəda” layihəsi çərçivəsində hazırlanmış “Zəfərdən- zəfərə” adlı buklet və Tamxil Ziyəddinoğlunun “Güllə səsinə açılan qapı” kitabı paylanıb. Daha sonra Zəngəzurda doğulmuş müəlliflərin kitabları muzeyə və 39 saylı məktəbin kitabxanasına hədiyyə edilib.
Məktəblilər muzeyin bütün guşəsini gəzdikdən, ayrı-ayrı bölmələr barədə ətraflı məlumat aldıqdan sonra muzeyin əməkdaşları və layihə iştirakçıları ilə xatirə şəkli çəkdiriblər.

Onu da qeyd edək ki, “Ordum.az” informasiya portalının redaktoru Siyavuş Əmirli öz internet səhifəsində tədbiri canlı yayımlayıb.

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin mətbuat xidməti




Facebook'da Paylaş