“Gəncədə jurnalistlərin bir araya gəldiyi məkan var idi, bir gün sonra həmin məkan da vurulmuşdu” - “Vostok” televiziyasının icraçı direktoru
Rusiyanın "Vostok” Media Holdinqinin vitse-prezidenti, həmçinin "Vostok" telekanalının icraçı direktoru, jurnalist Şəhriyar İmanbəylinin Moderator.az-a müsahibəsini təqdim edirik:
- Şəhriyyar bəy, müharibə yalnız ön cəbhədə getmir. Biz həm də informasiya müharibəsində yaşayırıq. Bu müharibədə qalibik yoxsa məğlub?
- Bəli, düz qeyd etdiniz. Döyüş həm ön cəbhədə, həm arxa cəbhədə-yəni mediya sahəsində gedir. Biz hər iki cəbhədə uğur əldə edirik. Cəbhədə əsgərlərimiz, mediyada isə bizim ekspertlərimiz vasitəsilə dünyaya dolğun informasiyalar çatdırılır.
- Biz necə edə bilərik ki, təbliğatımız güclü olsun, düşməni bu sahədə daha da üstələyək?
- Hal-hazırda sosial mediyada güclü olmaq lazımdır. Biz bunun təsirini tvitter sosial şəbəkəsində görürük. Çox təəssüflər olsun ki, tvitter ölkəmizdə yeni məşhurlaşıb. Yenə də gec deyil. Mediyada hər kəs öz üzərinə düşəni etməlidir, insanlara dolğun məlumatları çatdırmaq lazımdır. Reytinq xatirinə yalan xəbərlər paylaşmaq doğru hal deyil.
- Burda həm də sosial məsuliyyətdən söhbət gedir..
- Bəli. Bir neçə gün əvvəl facebookda məlumat paylaşmışdılar ki, Suqovuşanda bayrağımızı dalğalandıran əsgərimiz şəhid oldu. Daha sonra məlumat gəldi ki, bu yalandır. Bu günkü gün elə məlumatlar paylaşıb niyə düşmən dəyirmanına su tökək ki?
- “Vostok” televiziyası olaraq nə vaxtdan hadisələrin cərəyan etdiyi bölgədəsiz?
- Döyüşlər başlayanda mən Azərbaycanda idim. Daha sonra Xarici İşlər Nazirliyinə müraciət edib, qeydiyyata alındıq. Müşahidə etdiyimiz bir çox əcnəbi telekanalların əməkdaşlarını da bu müharibə zonasına cəlb etdik. O cümlədən İngiltərənin, Qətərin və bir çox ölkələrin əməkdaşları cəbhə bölgəsinə gəldilər. Sırf bizim, televiziyamızın vasitəçiliyimiz ilə hal-hazırda 7 ölkədə yayınlar edilir. Dəqiq və düzgün məlumatlar dünya ictimaiyyətinə çatdırılır.
- Bu ölkələrdə müharibənin reallıqları da yəqin ki, yayımlanır..
- Bütünlüklə ermənilərin təxribatlarının hər biri lentə alınır. Misal üçün “Əl ARABİ” televiziyasında gündə 5 dəfə canlı yayın edilir. 5 dəfə canlı yayın birbaşa peyk vasitəsilə edilir, skayp, zoom proqramı vasitəsilə yox. O yayınları da milyonlarla insan izləyir. Həmin insanlar ermənilərin vəhşiliyini görürlər. Hətta müxbirlərin də yaşadıqları otellər belə ermənilər tərəfindən hər an vurula bilər. Onların da bir həyat təhlükəsi var.
- “Vostok” televiziyası neçə ölkəyə yayımlanır?
- “Vostok” televiziyası Rusiya və Orta Asiya ölkələrində peyk vasitəsilə yayımlanır. Televiziyamız üçün Qarabağ müharibəsi ilə bağlı eksklüziv sənədli film hazırlayırıq. İlkin mərhələsi artıq başlanılıb. İnşallah Şuşada, Xankəndində bayrağımız harada dalğalansa sonluq orda bitəcək. Hal-hazırda bizim televiziyamızı izləyən 32 milyondan çox auditoriya kütləmiz var.
- Cəbhə bölgəsində həmçinin jurnalistlər də mənfur düşmənin atəşinə tuş gəlir. Sizə qarşı da elə bir hadisə baş verib?
- Olub. Bizim olduğumuz ərazilərə dəfələrlə raketlər düşüb. Sanki ermənilər bizi təqib edirlər. Biz Gəncə hadisələrini də dünya ictimaiyyətinə çatdırırıq. Hələ birinci dəfə Gəncədə bu hadisələr baş verəndə jurnalistlərin bir araya gəldiyi məkan var idi, bir gün sonra həmin məkan da vurulmuşdu. Nə yaxşı ki, o günü orda heç bir kəs yox idi. Onlar jurnalistləri də anba-an izləyir. Bu vəhşiliyi, terroru bütün dünya görməlidir.