"Nurduz bağlanmalıdır"

15-10-2020, 11:16

"Nurduz bağlanmalıdır"

Ordum.az GünazTv-yə istinadla xəbər verir ki, Oktyabrın 14-də Güney Azərbaycanda Quzey Azərbaycana dəstək aksiyalarına çağırış edilib: "Nurduz bağlanmalıdır"

İran və Rusiyanın İran ərazisindən istifadə etməklə, Ermənistana silah- sursat göndərməsi hələ də davam edir. Buna etiraz olaraq, güney azərbaycanlı bir qrup milli- mədəni fəal Güney Azərbaycan xalqını dinc aksiyalar keçirməyə çağırır. Bununla bağlı fəalların yaydığı çağırışda bildirilir ki, İran və Rusiya Ermənistanı silahlandırır. İran və Rusiyanın Nurduz sərhəd- buraxılış məntəqəsi vasitəsilə Ermənistana göndərdiyi silah- sursat Quzey Azərbaycan xalqının qətliam edilməsində və Ermənistanın işğalçılıq siyasətini davam etdirməsində istifadə olunur. Ermənistan Nurduzdan ötürülən silah- sursatlarla hər gün tarixi Gəncə şəhəri də daxil olmaqla, Quzey Azərbaycanın yaşayış məntəqələrini bombalayır.
Buna etiraz olaraq, Güney Azərbaycanın türk xalqı Quzey Azərbaycanda olan qardaş və bacılarına dəstəyini nümayiş etdirmək üçün yekşənbə (bazar günü oktyabrın 18-də), mehr ayının 27-sı saat 17:00- da təyin edilmiş məkanlarda keçiriləcək sakit və dinc yürüşlərə dəvət edilir.
Dəstək yürüşlərinin zamanı yekşənbə günü, mehr ayının 27-sı Təbriz vaxtı ilə saat 17:00- dadır. Güney Azərbaycanın böyük şəhərləri və Tehranda aksiyaların keçirilmə yeri aşağıdakı kimidir:
1) Təbriz: Rasta Küçə
2) Urmu (Urmiya): Ətayi və İmam küçələrinin kəsişməsi (təqato)
3) Ərdəbil: Şəriəti dördyolu (çəharrah)
4) Zəncan (Zəngan): Səbze Meydanı
5) Tehran: İmam Hüseyn Meydanı
Güney Azərbaycanın digər şəhərlərində isə toplaşma yerləri şəhərlərin əsas meydanları və mərkəzləridir.
Koronavirusun kəskin yayılmasını nəzərə alaraq, aksiyalarda qatılacaq həmvətənlərdən maska taxmaları xahiş olunur.




Facebook'da Paylaş