Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edib

30-03-2022, 13:27

Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 30-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində (ŞRPŞ) daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Bu barədə Ordum.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, daxili işlər naziri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.

Daha sonra ŞRPŞ-nin inzibati binasında Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının 71 sakinini qəbul edən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin operativ həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.

Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, yerlərdə davamlı olaraq belə qəbulların təşkilinə, dövlət qurumlarının rəhbərləri tərəfindən ərizə və müraciətlərinə operativ yanaşılmasına, həssas münasibətə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Səfər çərçivəsində nazir DİN-in Daxili Qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsində də olub.

General-polkovnik V.Eyvazov hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, silah təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olub, həmçinin xüsusi-taktiki təlimləri izləyib. Polis əməkdaşlarının və hərbi qulluqçuların peşə və döyüş hazırlığını yüksək qiymətləndirən nazir öz tapşırıq və tövsiyələrini verib.

Daha sonra general-polkovnik V.Eyvazov Lənkəran ŞRPŞ-də bölgə üzrə polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında ətraf şəhər və rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Daxili işlər orqanlarında xidmətə qəbulun şərtlərinə uyğun gələn 46 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 10-u Vətən müharibəsi iştirakçısı, 6-sı isə şəhid ailələrinin üzvləri olublar.




Facebook'da Paylaş