Vilayət Eyvazov Türkiyə səfiri ilə görüşdü
Sentyabrın 9-da Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Cahit Bağcı ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təyinatı münasibətilə səfiri təbrik edən nazir ona dəyərli fəaliyyətində uğurlar arzulayıb.
Nazir Azərbaycan ilə Türkiyə arasında əlaqələrin gündən-günə genişləndiyini, dövlətlərimizin başçılarının əməkdaşlığın bütün sahələrdə ən yüksək səviyyədə inkişafına böyük önəm verdiklərini diqqətə çatdırıb, eyni zamanda son illər hər iki ölkənin Daxili İşlər nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə hazırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində əldə etdikləri önəmli nəticələr barədə məlumat verib.
General-polkovnik Vilayət Eyvazov Azərbaycan polisinin, Daxili Qoşunların səmərəli fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə aparıcı hüquq-mühafizə orqanı kimi öz yerini tutduğunu məmnunluqla qeyd edib. Bütün bu nailiyyətlərdə Türkiyə polisinin və Jandarm Qüvvələrinin də xüsusi rolunun, xidmətinin olduğunu nəzərə çatdıran nazir buna görə Türkiyə Daxili İşlər Nazirliyinin, Türkiyə Baş Polis İdarəsinin, o cümlədən Jandarm Qüvvələrinin kollektivinə təşəkkürünü bildirib.
Səmimi görüşə və təbrikə görə dərin minnətdarlığını bildirən səfir Cahit Bağcı Azərbaycanın bütün sahələrdə sürətli inkişafından məmnun olduğunu nəzərə çatdıraraq, dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da genişləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.
Facebook'da Paylaş