Volodimir Zelenski rus analara müraciət edib: "Oğullarınıza həqiqəti deyin"

24-03-2022, 10:38

Volodimir Zelenski rus analara müraciət edib: "Oğullarınıza həqiqəti deyin"

“Ukrayna Rusiyanın təhlükəsizliyi üçün heç vaxt təhdid yaratmayıb. Biz indi də ancaq öz torpaqlarımıza sülh gətirmək üçün hər şey edirik”.

Ordum.az-ın xəbərinə görə bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

“Əminəm ki, rusların bəziləri televiziya kanallarında gördüklərindən beziblər. Təbliğatçıların maaşları sizin vergilərinizlə ödənilir. Siz daha da yoxsullaşırsınız. Hökumətinizin sizi hər ötən gün daha da yoxsullaşdırmaq, dünyadan təcrid etmək, müharibəyə ölməyə göndərmək üçün sizdən vergi alması axmaqlıq deyil? Sülh istəyən rus vətəndaşlar, oğullarınızı müharibədən xilas edin. Onlara müharibə haqqındakı həqiqətləri deyin”, - dövlət başçısı vurğulayıb.

V.Zelenski bildirib ki, Rusiyanın mübarizəsi təkcə Ukrayna ilə müharibədən ibarət deyil: “Rusiya müstəqilliyə qarşı savaşır. Bizim torpaqlarımız onlar üçün sadəcə başlanğıcdır. Kreml Avropadakı və dünyadakı bütün insanların azadlıqlarını əllərindən almaq istəyir. Hər birimiz Moskvanı dayandırmaq üçün çalışmalıyıq. Ukraynanı dəstəkləyən hər kəsə minnətdaram, amma müharibə davam edir. Mülki əhaliyə qarşı terror davam edir. Savaşın 1 ayı tamam oldu. Bu, uzun müddətdir”.




Facebook'da Paylaş