Türkiyə parlamentindən ABŞ-a cavab: "Bıçaq sümüyə dirənib"

2-11-2019, 13:53

Türkiyə Böyük Millət Məclisi (TBMM) ABŞ-ın Nümayəndələr Palatasının qondarma erməni soyqırımına dair qərarını pisləyən, rədd edən və hüquqi qüvvədən düşməsini bildirən qətnamə qəbul edib.
Ordum.az xəbər verir ki, sənəddə rəsmi olaraq ABŞ-ın Nümayəndələr Palatasının qərarı qınanır və rədd edilir:
"ABŞ-ın Nümayəndələr Palatasının bir sıra dairələrin qondarma erməni soyqırımı iddialarını gündəmə gətirməsini, ağıl və vicdan sahibi üzvlərinin etirazlarına baxmayaraq, bir qərar olaraq rəsmiləşdirməsini Türkiyə Böyük Millət Məclisi olaraq qətiyyətlə qınayır və rədd edirik. Daha əvvəllər də Nümayəndələr Palatasında buna bənzər təşəbbüslər olsa da, səsvermə zamanı bu şəkildə düşmənçilik özünü büruzə verməmişdi".
TBMM-nin qətnaməsində ABŞ Nümayəndələr Palatasının bu addımının şantaj olduğuna diqqət çəkilmişdir: "Türkiyə heç bir zaman təhdidə boyun əyməyib. Bu qərarı da birlik olaraq şiddətlə rədd edirik. Türkiyə olaraq bıçağın sümüyə dirəndiyini bildirir, bu qərarın xalqların dostluğuna xidmət etmədiyini, düşmənliyi alovlandırdığını, ucuz çıxarlar uğruna belə bir qərar alan zehniyyəti və siyasəti şiddətlə qınayır, qəbul etmirik".
Qeyd edək ki, TBMM-nin bu qətnaməsi AKP, CHP, MHP və İYİ Parti siyasi partiyaları tərəfindən qəbul edilib.




Facebook'da Paylaş