Türkiyə vətəndaşlarına Qarabağla bağlı xəbərdarlıq edilib

4-10-2017, 12:50



Türkiyə vətəndaşlarına Qarabağla bağlı xəbərdarlıq edildi

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmək istəyən vətəndaşlara xəbərdarlıq edib.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rəsmi Ankara ölkə vətəndaşlarına Qarabağa səfərin olduğunu xatırladıb.

“Türkiyə ərazilərin işğalına son qoyulması məsələsində qardaş Azərbaycanla həmrəydir. Bununla əlaqədar ölkə rəhbərliyinin razılığı olmadan Azərbaycanın işğal olunan torpaqlarına səfər etmək qadağandır. İşğal olunmuş torpaqlara səyahət etmək beynəlxalq hüquq və Azərbaycan qanunlarına ziddir. Həmçinin xatırlatmaq istəyirik ki, işğal altında olan ərazilərə qanunsuz səfər edənlərə konsulluq dəstəyi təqdim olunmayacaq”, - deyə Türkiyə XİN-in yaydığı bəyanatda bildirilib. 

Qeyd edək ki, 22 sentyabr tarixində bir qrup Türkiyə vətəndaşı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Ölkəmizə qarşı açıq-aşkar sayğısızlıq edən Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.




Facebook'da Paylaş