Ersin Tatar ABŞ rəsmiləri ilə görüşdü
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar ABŞ-ın Cənubi Kiprdəki səfiri Cudif Qarber və ABŞ Dövlət Departamenti, Cənubi Avropa və Avrasiya Məsələləri Bürosu, dövlət katibinin köməkçisinin Cənubi Avropa və Qafqaz üzrə müavini Erika Olsonu qəbul edib.
Ordum.az xəbər verir ki, görüşdə Ersin Tatar Kiprdəki tarixi prosesə toxunaraq, Kipr türklərinin də ən azı kiprli rumlar qədər suveren olduğunu, suveren bərabərliyin təbii bir hüquq olduğunu və Kipr türk xalqının suveren bərabərlik hüququ təsdiqlənəcəyi təqdirdə mənalı rəsmi danışıqlara başlamağa hazır olduqlarını bildirib.
Ersin Tatar xatırladıb ki, 1960-cı il Konstitusiyasına uyğun olaraq bərabərhüquqlu ortaqlıq olsa da, rum kəsimi adanı Yunanıstana birləşdirmək məqsədi ilə Kıbrıs türklərini silah gücü ilə dövlətdən sıxışdırıb çıxarıb. 1974-cü il iyulun 15-də rum xuntasının arxiyepiskop Makariosu devirərək başlatdığı çevrilişdən sonra Nikos Sampsonun 17 iyul 1974-cü ildə “Kipr Yunan Cümhuriyyəti” elan etdiyini xatırladan Ersin Tatar 1974-cü ildə Türkiyənin qarant hüququndan istifadə edərək Kıbrıs Barış Hərəkatını həyata keçirməsi ilə adaya sülh gəldiyini vurğulayıb.
Avropa Birliyinin Kipr türklərinə verdiyi vədləri tutmadığını və Kipr türklərinə tətbiq edilən haqsız təcridin davam etdiyini xatırladan prezident “Kipr türk xalqı 60 ildir özünü idarə edir. Bu gün Kipr türk xalqının bütün qurum və təşkilatları ilə öz dövləti var. Kipr türklərinin BMT-nin dəstəklədiyi 2004-cü il “Annan planı”na “hə” deməsinə və rumların rədd etməsinə baxmayaraq, rumlar haqsız yerə AB-nin birtərəfli üzvü ediliblər. Avropa Birliyi obyektiv ola bilməz, çünki Yunanıstan və Cənubi Kipr Avropa Birliyinin üzvüdür” - deyib.
Ersin Tatar Kipr rum tərəfinin istəksizliyi üzündən illərdir real bərabərliyə əsaslanan bir həllin əldə oluna bilmədiyini, davamlı və real bir həllin ancaq qonşuluqda yaşayan mövcud iki dövlətin suveren bərabərlik əsasında əməkdaşlığı ilə mümkün ola biləcəyini söyləyib. Tatar Kiprdə əldə olunacaq razılaşma ilə rum tərəfinin də 85 milyon əhalisi olan və adadan cəmi 40 mil uzaqlıqda olan Türkiyənin ticarət imkanlarından, limanlarından və hava sahəsindən yararlanma imkanı əldə edəcəyini bildirib.
Görüş zamanı ikitərəfli texniki komitələrin işi də müzakirə edilib və iki xalqın gündəlik həyatının asanlaşdırılmasına yönəlmiş məsələlər, xüsusilə mədəni irs, sağlamlıq, ətraf mühit, kommunikasiya, gender bərabərliyi və cinayətkarlıqla mübarizə məsələləri də müzakirə edilib.
Ersin Tatar Kipr türk tərəfinin iki tərəf arasında etimadı və əməkdaşlığı həqiqətən artıracaq, suveren bərabərlik əsasında barışığa töhfə verəcək məsələlərdə maraqlı olduğunu və təşəbbüs göstərməyə hazır olduğunu bildirib. Prezident həmçinin Kıbrısda tərəflərin təbii/alınmış hüquqlarına əsaslanan davamlı barışığın əldə edilməsində ABŞ-ın uzaqgörən töhfələrini gözlədiklərini vurğulayıb.
İclasda prezidentin xüsusi nümayəndəsi M. Ergün Olgün və nümayəndə heyəti də iştirak edib
Facebook'da Paylaş