Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyəti 5 dekabr Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımının anım günü ilə bağlı bəyanat verib.

7-12-2018, 16:04

Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyəti  5 dekabr Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımının anım günü ilə bağlı bəyanat verib.


Bəyanatda həmin faciəli tarixdən 30 il keçdiyi xatırladılıb və aşağıdakılar bildirilib:
“Bir neçə ay bundan əvvəl Azərbaycan Qaçqınlar Cəmiyyətinintəşəbbüsü ilə bir sıra QHT rəhbərlərinin, ziyalıların və qaçqınların nümayəndələrinin iştirakı ilə geniş tədbir keçirdik və bu 30 illiyin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ölkə Prezidentinə Müraciət ünvanladıq. Məqsədimiz bu 30 illiyin ölkə və beynəxalq səviyyədə qeyd edilməsi, bu yolla ölkə və beynəxalq ictimaiyyətin diqqətinin 30 il əvvəl Azərbaycanın tarixi torpaqlarında – indiki “Ermənistan Respublikası” ərazisində baş verən hadisələrə cəlb edilməsi, Qarabağ ermənilərinin hüquqlarını müdafiə pərdəsi arxasında gizlənərək Qarabağ münaqişəsi ilə manipulyasiya və siyasi alver edən ermənilərin əsl simasının bir daha ortaya qoyulması idi. Dünya bilməlidir ki, bugünkü Qarabağ münaqişəsi ermənilərin yüz illərdən bəri bölgədə apardıqları separatçılıq və terrorçuluq siyasətinin növbəti halqasıdır. Dünya bilməlidir ki, Qarabağ münaqişəsi zamanı ermənilər Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunda Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri bu münaqişənin ilk mərhələsində “Ermənistan Respublikası” ərazisində yaşayan öz vətəndaşlarına – 250 min nəfər dinc azərbaycanlı əhaliyə qarşı törətmişlər. Həm də heç bir səbəb olmadan, sırf dini və etnik mənsubiyyətlərinə, yəni müsəlman və azərbaycanlı olduqlarına görə törətmişlər. Dünya ermənilərin saxta göz yaşları arxasında onların yırtıcı sifətini bir daha görməli idi.


Biz bu ideyanı irəli sürəndə Ulu Öndər Heydər Əliyevin azərbaycanlıların deportasiyasına və soyqırımına 20 il əvvəl verdiyi tarixi-siyasi qiymətə, bu məsələlərlə bağlı gələcək nəsillərə tövsiyələrinə və cənab prezident İlham Əliyevin “İrəvan, Göyçə, Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır, biz mütləq o torpaqlara qayıdacağıq, bu, bizim strateji hədəfimizdir” siyasi iradəsinə söykənmişdik.


Lakin təəssüf ki, Ermənistan hakimiyyəti Azərbaycan ərazisinin 20 faizini işğal edib, bu ərazinin bir milyon sakinini yurd-yuvasından didərgin salıb, bu ərazidə bütün beynəlxalq qanunlara zidd olaraq özlərinə qondarma dövlət yaradan ermənilərin “hüquqlarını” beynəlxalq danışıq masası üzərinə qoyduğu halda, Azərbaycan hakimiyyəti 250 min Qərbi Azərbaycan qaçqınının hüquqlarını nəinki bu 30 ildə beynəlxalq danışıqların predmetinə çevirə bilməmiş, heç onların hüquqlarının beynəlxalq səviyyədə tanınmasına belə cəhd etməmiş, BMT-nin qaçqınlar siyahısına düşməməsindən belə narahat olmamışdır. Hətta hakimiyyət daxilindəki bəzi qüvvələr Azərbaycan dövlətinin və Azərbaycan xalqının siyasi maraqlarına zidd olaraq Qərbi Azərbaycanlı soydaşlarımızın son deportasiya və soyqırımının 30 illiyinin dövlət səviyyəsində keçirilməsini belə məqsədəuyğun saymırlar.


Biz bu addımı bəzi qüvvələrin indiki Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olmasını millətə unutdurmaq cəhdi, bu yolla erməni “ağalarına” xidmət təşəbbüsü kimi qiymətləndirir və Azərbaycan dövlətinə, Azərbaycan millətinə qarşı tarixi xəyanət aktı kimi pisləyirik. Belə hesab edirik ki, 1988-ci ildə ata-baba torpaqlarından qovulmuş 250 min soydaşımız 30 il əvvəl yaşadıqları tarixi faciəni dövlət səviyyəsində yad etməyi, işğal altında qalan yurdlarını, ocaqlarını, doğmalarının məzarlarını anmağı tamamilə haqq edirlər və bu haqqı tanımaq da xalqın seçdiyi, müdafiə etdiyi və üz tutduğu hakimiyyətin borcudur”.
Ordum.az




Facebook'da Paylaş