Hərbi Akademiyada"Vətən müharibəsində Azərbaycanın qələbəsi" adlı kitab çapdan çıxıb
Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasında "Vətən müharibəsində Azərbaycanın qələbəsi." (Bakı, AFpoliqrAF, 2021, 1095 səh.) kitab işıq üzü görüb. Kitab Vətən müharibəsində Qələbənin il dönümünə həsr olunub. Geniş oxucu üçün nəzərdə tutulan kitabın müəllifi Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər və Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmləri Akademiyalarının həqiqi (akademik) üzvü, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.
Kitab Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsində hazırlanıb, Ermənistan və Azərbaycan arasında Birinci və İkinci Qarabağ müharibələrinə həsr olunmuşdu.
Kitabın layihə rəhbəri və hərbi məsləhətçisi Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının rəisi, dosent, general-leytenant Heydər Piriyev, elmi redaktoru Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Təhsil İdarəsi Elm şöbəsinin müdiri milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, dosent, polkovnik Arif Həsənov, baş redaktoru Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının “Adyunktura və Elm” şöbəsinin dosenti, ehtiyatda olan general-mayor Fazil Aşumov, redaktorlar Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının "Adyunktura və Elm" şöbəsinin rəisi, polkovnik Rəşad Tahirov, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının Əməliyyat məharəti strategiyası şöbəsinin rəisi, polkovnik Telman Şahbazovdur.
Kitabda Ermənistan-Azərbaycan münaqişəsinin gedişi və kəskinləşməsi zamanı baş verən əsas hərbi-siyasi hadisələrin kompleks strateji təhlili verilmişdir. Geniş spektrli açıq mənbələr, hərbi ekspertlər, hərbi və beynəlxalq humanitar hüquq sahəsində ixtisaslaşan alimlər və mütəxəssislərin təhlilləri əsasında Ermənistan və Azərbaycan arasında Birinci və İkinci Qarabağ müharibələrinin məzmununu müəyyənləşdirən əsas hərbi və siyasi komponentlərə qiymət verilmişdir.
Nəşrdə Vətən müharibəsinin bütün Cənubi Qafqazın taleyi üçün geosiyasi nəticələrini müəyyənləşdirməyə və göstərməyə cəhd olunmuşdur. Kitabda beynəlxalq birliyin və Ermənistan - Azərbaycan münaqişəsinə cəlb olunan tərəflərin fəaliyyətinin qərəzsiz təhlilinə böyük diqqət yetirilmişdir.
Kitabda həmçinin Ermənistan və Azərbaycan arasında Birinci və İkinci Qarabağ müharibələrində xronoloji ardıcıllıqla hərbi-siyasi hadisələrin və döyüş əməliyyatlarının xüsusiyyətləri əks olunub, o cümlədən Vətən müharibəsində Azərbaycan xalqının qələbəsini təmin edən Azərbaycan Silahlı Qüvvələrinin hərbi-strateji məharəti və tətbiq edilən taktikanın inkişafı, mərhələli və sabit təkamülü göstərilmişdir.
Vətən müharibəsi dövründə baş verən hərbi-siyasi hadisələr bu gün faktiki olaraq, vətən və dünya hərb sənəti tarixində yeni bir səhifə açdı. Müasir
müharibələr və münaqişələr tarixində dronların və “gəzən sursat”ların (kamikaze dronların) belə irimiqyaslı tətbiqinin analoqu yoxdur. Qarabağdakı Vətən müharibəsi bir çox hərbi və siyasi parametrlərinə görə "sabahkı günün ilk müharibəsi" hesab edilməlidir. Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı bütün problemlər kompleksinin hərtərəfli və dərindən tədqiqi, onun tənzimlənməsinin siyasi və hərbi-güc metodlarının geosiyasi əhəmiyyətinin üzə çıxarılması bu kitab üzərində iş zamanı müəllif üçün müəyyənedici amillər olmuşdur. Münaqişəyə cəlb olunan tərəflərin, beynəlxalq təşkilatların və bütövlükdə dünya birliyinin reaksiyası, Vətən müharibəsinin hərbi-siyasi nəticələri hələ uzun müddət və böyük ölçüdə Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərin gedişatını müəyyənləşdirəcək.
Bunları nəzərə alaraq, kitab Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunktları və aspirantları, müəllimləri və dinləyiciləri, hərbi nəzəriyyəçi və praktiklər, beynəlxalq münasibətlər, beynəlxalq humanitar və hərbi hüquq sahəsində ixtisaslaşan mütəxəssislər üçün nəzərdə tutulmuşdur, həmçinin Azərbaycanın hərbi tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, gedişi və konkret məzmunu ilə maraqlanan geniş oxucu kütləsi üçün də maraqlı ola bilər.
Tədqiq olunan məsələlər üzrə biblioqrafiya isə daha geniş və zəngindir.
Ordum.az
Facebook'da Paylaş