“Vətən müharibəsində Azərbaycanın qələbəsi”
Silahlı Qüvvələrin Hərbi Akademiyasının hazırladığı “Vətən müharibəsində Azərbaycanın qələbəsi” kitabı çapdan çıxıbVətən müharibəsində Qələbənin 100-cü günü münasibətilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsi tərəfindən hazırlanan “Vətən müharibəsində Azərbaycanın qələbəsi” adlı kitab rus dilində işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, geniş oxucu üçün nəzərdə tutulan kitabın müəllifi Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər və Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmləri Akademiyalarının həqiqi üzvü, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyevdir.
Birinci və İkinci Qarabağ müharibələrindən bəhs edən kitabın layihə rəhbəri və hərbi məsləhətçisi Hərbi Akademiyanın rəisi, dosent, general-leytenant Heydər Piriyev, elmi redaktoru Müdafiə Nazirliyinin hərbi təhsil idarəsi elm şöbəsinin müdiri, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, dosent, polkovnik Arif Həsənov, baş redaktoru Hərbi Akademiyanın Adyunktura və Elm şöbəsinin dosenti, ehtiyatda olan general-mayor Fazil Aşumov, redaktorlar Adyunktura və Elm şöbəsinin rəisi, polkovnik Rəşad Tahirov, əməliyyat məharəti strategiyası şöbəsinin rəisi, polkovnik Telman Şahbazov, rəyçiləri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, hərbi elmlər və milli təhlükəsizlik üzrə elmlər doktoru, professor, ehtiyatda olan polkovnik Elşən Həşimov və texnika üzrə fəlsəfə doktoru, professor, ehtiyatda olan polkovnik Əziz Talıbovdur.
Kitabda Ermənistan-Azərbaycan münaqişəsinin gedişi və kəskinləşməsi zamanı baş verən əsas hərbi-siyasi hadisələrin kompleks strateji təhlili verilib. Geniş spektrli açıq mənbələr, hərbi ekspertlər, hərbi və beynəlxalq humanitar hüquq sahəsində ixtisaslaşan alimlər və mütəxəssislərin təhlilləri əsasında Birinci və İkinci Qarabağ müharibələrinin əsas hərbi və siyasi komponentlərinə qiymət verilib. Həmçinin beynəlxalq birliyin və Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunan tərəflərin fəaliyyətinin qərəzsiz təhlilinə yer ayrılıb.
Nəşrdə, həmçinin Birinci və İkinci Qarabağ müharibələrində xronoloji ardıcıllıqla hərbi-siyasi hadisələrin və döyüş əməliyyatlarının xüsusiyyətləri əksini tapıb, eləcə də Vətən müharibəsində Azərbaycan xalqının qələbəsini təmin edən Azərbaycan Silahlı Qüvvələrinin hərbi-strateji məharəti və tətbiq edilən taktikanın inkişafı, mərhələli və sabit təkamülü göstərilib.
Qeyd olunub ki, Azərbaycanın Vətən müharibəsi dünya hərb sənəti tarixində yeni bir səhifə açıb. Müasir müharibələr və münaqişələr tarixində dronların və “gəzən sursat”ların (kamikaze dronların) belə irimiqyaslı tətbiqinin bənzəri yoxdur. Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı bütün problemlər kompleksinin hərtərəfli və dərindən tədqiqi, onun tənzimlənməsinin siyasi və hərbi-güc metodlarının geosiyasi əhəmiyyətinin üzə çıxarılması kitab üzərində iş zamanı müəllif üçün müəyyənedici amillər olub. Beynəlxalq təşkilatların və bütövlükdə dünya birliyinin reaksiyası, Vətən müharibəsinin hərbi-siyasi nəticələri hələ uzun müddət Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərin gedişatını müəyyənləşdirəcək.
“Vətən müharibəsində Azərbaycanın qələbəsi” kitabı Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktları və aspirantları, müəllimləri və dinləyiciləri, hərbi nəzəriyyəçi və praktiklər, beynəlxalq münasibətlər, beynəlxalq humanitar və hərbi hüquq sahəsində ixtisaslaşan mütəxəssislər üçün nəzərdə tutulub. Nəşr, həmçinin Azərbaycanın hərb tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, gedişi ilə maraqlanan geniş oxucu kütləsi üçün də maraqlı ola bilər.
Facebook'da Paylaş