Şəhidin anım günündə dörd medal ailəsinə təqdim olunub

1-11-2021, 14:48

Şəhidin anım günündə dörd medal ailəsinə təqdim olunub


Vətən müharibəsində canı və qanı bahasına döyüşərək şəhidlik zirvəsinə ucalan mərd oğullarımızdan biri də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan 23 yaşlı Nəzir Osmanovdur.

Ordum.az-ın məlumatına görə, bu gün şəhidin şəhadətə ucalmasından bir il ötür.

Nəzir Rahib oğlu Osmanov 1998-ci ildə Qax rayonunun Qıpçaq kəndində doğulub. Ailənin sonbeşiyi olan Nəzir orta təhsilini doğulduğu Qıpçaq kənd tam orta məktəbində alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və Daxili Qoşunların sıralarında xidmət edib.

Hərbi xidmətdən qayıtdıqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər kimi Daxili Qoşunların "N" saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin avtomobil yarımqrupunda sürücü vəzifəsində xidmətə başlayıb. Nəzir Osmanov xidməti dövründə bir neçə dəfə komandirləri tərəfindən təltif olunub. Nəzir Osmanov Daxili Qoşunlarda xidmət etdiyi 3 il ərzində peşəkar sürücü kimi fəaliyyət göstərib. O, bu peşəkarlığını döyüşdə də nümayiş etdirib. Sentyabrın sonlarından qoşulduğu Vətən müharibəsində bir-neçə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Hadrut, Horadiz və Füzuli şəhərlərinin azad olunmasında qəhrəmanlıq göstərən Nəzirin son döyüşü Şuşa ətrafında olub. Yaxınlığına düşən minaatan mərmisi qəhrəman döyüşçünü ağır yaralayıb. Bir qədər sonra isə o, gözlərini əbədiyyən yumaraq şəhidlik zirvəsinə ucalıb.

Hər zaman hərbçi yoldaşlarının yanında hörmət qazanan Nəziri indi onunla birlikdə çiyin-çiynə xidmət etmiş silahdaşları hörmətlə anır. Şəhid olmasından bir il ötən Nəzir Osmanov məzarı başında anılıb. Anım mərasimdə Daxili İşlər Nazirliyinin nümayəndələri, Qax Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və Daxili Qoşunların əməkdaşları, o cümlədən rayon ictimaiyyəti iştirak ediblər.

Anım mərasimində şəhid Nəzir Osmanovun ailəsinə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə (ölümündən sonra) verilən "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və Azərbaycan Respublikası müdafiə nazirinin 28 dekab 2020-ci il tarixli müvafiq əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları təqdim edilib.

Allah rəhmət etsin!




Facebook'da Paylaş