Vətən müharibəsi şəhidi Lənkəranda anılıb
Lənkəranda şəhid Romir Əliyevin anım günü qeyd edilib.
Ordum.az-ın verdiyi xəbərə görə, anım mərasimi şəhidin məzarının ziyarəti ilə başlayıb. Yaxınları və ictimaiyyət nümayəndələri şəhidin xatirəsini yad edib. Ruhuna dualar oxunub.
Məlumat üçün bildirək ki, Romir Rəşadət oğlu Əliyev 14 may 1997-ci ildə Lənkəranın Aşağı Nüvədi qəsəbəsində doğulub. Atası azərbaycanlı, anası moldovan olub. İdmanın güləş növü ilə məşğul olan Romir orta məktəbi bitirdikdən sonra 2015-2016-cı illərdə hərbi xidmətdə olub.
O, hərbi xidmətdən sonra mülki şəxs qismində orduda xidmət edib.
R.Əliyev 27 sentyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan əks hücum əməliyyatlarına - Vətən müharibəsinə könüllü olaraq qatılıb. Cəbrayılın, Füzulinin, Zəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən Romir Əliyev 22 oktyabr 2020-ci ildə Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.
Qeyd edək ki, şəhid Romir Rəşadət oğlu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə üçün "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə isə Romir Əliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
Allah rəhmət etsin!
Facebook'da Paylaş