Biləsuvarda Vətən müharibəsi şəhidinin il dönümü qeyd olunub

29-10-2021, 11:36

Biləsuvarda Vətən müharibəsi şəhidinin il dönümü qeyd olunub

Biləsuvar rayonunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elyar Elbəyi oğlu Məmmədovun xatirəsi ehtiramla anılıb.

Ordum.az-ın məlumatına görə, anım mərasimi rayonun Ağalıkənd kəndində keçirilib.

Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb.

Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı olub.

Qeyd edək ki, Elyar Elbəyi oğlu Məmmədov -22 avqust 1990-cı ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Təzəkənd kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanır.Hərbi xidmətdən sonra Elyar Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışır.

Elyar Məmmədov 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, 27 oktyabr 2020-ci il tarixində doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ali Baş Komandan Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elyar Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib




Facebook'da Paylaş