Biləsuvarda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib
Biləsuvar rayonunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Həsənli Telman Rafiq oğlunun xatirəsi ehtiramla anılıb.
Ordum.az xəbər verir ki, anım mərasimi rayonun Bağbanlar kəndində keçirilib.
Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı, rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb.
Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı da olub.
Qeyd edək ki, Həsənli Telman Rafiq oğlu - 1998-ci ilin martın 3-də Bağbanlar kəndində sadə, zəhmətkeş ailədə anadan olub. 2018-ci ildə ordu sıralarında həqiqi hərbi xidmətini başa vurduqdan sonra şərəfli peşədən ayrılmayıb.
Gizirlik məktəbini başa vurduqdan sonra, düşmənə yaxın təmas rayonlarından vətənə min bir həvəslə xidmət etməyə başlayıb. Xidmət etdiyi hərbi hissədən valideynlərinə göndərilən təşəkkür məktubları onun gələcək uğurlarından xəbər verirdi. Şanlı ordumuzun cəsur döyüşçüsü, tank komandiri Telman Həsənli döyüşlərin birində yaralansa da, qənimət kimi bir düşmən tankını da özü ilə gətirməyi bacarır. O, Xocavənd, Füzuli və Zəngilan istiqamətində, Xudafərinin alınmasında qanlı döyüşlərdə rəşadət göstərərək qəhrəmancasına şəhid olur. Telman Həsənli doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Telman Həsənli ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Facebook'da Paylaş