Haaqada Şuşadan bəhs edən “28” sənədli filmi təqdim olunub

25-10-2021, 16:14

Haaqada Şuşadan bəhs edən “28” sənədli filmi təqdim olunub

Niderlandın Haaqa şəhərində jurnalist Xatirə Sərdarqızının müəllifi olduğu “28” sənədli filminin təqdimat mərasimi keçirilib.

Ordum.az xəbər verir ki, Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə “De Vaillant” teatrında baş tutan təqdimat mərasimində Azərbaycan diaspor təşkilatlarının nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Tədbirdə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Agamirzəyeva, Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov və filmin müəllifi Xatirə Sərdarqızı çıxış ediblər. Onlar qonaqlara Azərbaycan və ölkənin mədəniyyət paytaxtı olan Şuşa şəhəri haqqında ətraflı məlumat veriblər. Müəllif 28 illik Şuşa həsrətindən, I Qarabağ müharibəsində uşaqların aldıqları psixoloji və mənəvi sarsıntılardan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə Şuşaya getməsindən və evlərinə baş çəkdiyi zaman keçirdiyi hisslərdən bəhs edib.

Mərasim xanəndə Güllü Muradovanın konserti ilə davam edib.

Xatırladaq ki, Niderlandin “FOR YOU” jurnalının növbəti sayında Xatirə Sərdarqızının “28” filmindən və Şuşanın işğalı nəticəsində itirdiyi uşaqlıq illərindən bəhs edən məqalə dərc olunacaq.




Facebook'da Paylaş