Rusiya İrana Ərdoğanın formatını təklif etdi
İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyan bölgədəki vəziyyəti dünən Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirə edib.
Rusiya tərəfi İranın Zəngəzur dəhlizinə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü 3+3 (Azərbaycan-Türkiyə-Gürcüstan-Rusiya-Ermənistan-İran) formatına qarşı aktiv anti-fəaliyyətini dəstəkləməyib.
Belə ki, Rusiya İrana bölgədə kommunikasiyaların açılmasının önəmini izah edərək Prezident Ərdoğanın irəli sürdüyü 3+3 formatında əməkdaşlığa qoşulmağı təklif edib.
Lavrovun sözlərinə görə, erməni həmkarları ilə format çərçivəsində əməkdaşlığın qurulması istiqamətində işlər aparılır.
Görüşdən sonra keçirilən mətbuat konfransında Lavrov bildirib ki, "3+3" əməkdaşlıq formatı Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasını nəzərdə tutur : "Bu gün "3+3" formatını yaratmaq təşəbbüsünü müzakirə etdik. İranlı dostların müsbət münasibəti var, eyni münasibəti Azərbaycanda və Türkiyədə müşahidə edirik, erməni həmkarlarımızla işləyirik".
Onun sözlərinə görə, Rusiya tərəfi ümid edir ki, Gürcüstanda aradakı bütün problemlərə baxmayaraq, belə bir mexanizm yaratmaqda maraqlı tərəf kimi çıxış edəcək.
Beləliklə, göründüyü kimi İran tərəfinin son günlər ən müxtəlif vasitələrlə Zəngəzur dəhlizinə və R.T.Ərdoğanın irəli sürdüyü formata qarşı fəaliyyəti Moskvada da dəstək görmədi.
Facebook'da Paylaş