RƏŞADIN RƏŞADƏTLİ DÖYÜŞ YOLU
Bakıdakı İkinci Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında və bərpa edilməsində xüsusi xidmətləri olan Azərbaycan Silahlı Qüvvələrinin şəhid hərbçiləri də dəfn olunub. Azərbaycan Ordusuna şərəflə xidmət edən bu hərbçilər 2020-ci ilin iyulun 14-də erməni faşistlərinə qarşı Tovuz döyüşlərində, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsində iştirak ediblər.
Şəhidlər xiyabanı - hamımızın and yeri, şəhadətə ucalanların əbədiyyətə qovuşduğu məkandır. Demək olar ki, hər gün insan selinin tükənmədiyi bu müqəddəs məkanda qeyrətli Vətən övladlarını ziyarət edənlərin sayı-hesabı yoxdur. Burada al-əlvan gül çələnginə bürünən şəhid məzarlarının üzərinə isə yaraşıqlı, boylu-buxunlu Vətən təəssübkeşi çəkən oğullarımızın şəkilləri həkk olunub. Hamısı da erməni façistlərinə qarşı son damla qanına qədər döyüşən, onları məhv edən cəsur və nər oğullar! O oğullar ki, mənfur ermənilərə elədikləri göz dağı, göstərdikləri qəhrəmanlıqlar indi dillərdə dastan olub.
2020-ci il iyulun 14-də Tovuz döyüşlərində şəhid olan general-mayor Polad Həşimov da İkinci Şəhidlər xiyabanında dəfn olunub. Polad Həşimovun bir vaxtlar yaxından tanıdığı, hətta onunla birgə bir hərbi heyətdə işləmək arzusunda olduğu bir qəhrəman hərbçinin məzarı da həmin Şəhidlər xiyabanındadır. Tovuz döyüşlərində nur üzlü Polad Həşimovun şəhid olması onu çox sarsıtmışdı. O, bu acı xəbəri eşidəndə hərbçi dostlarına “tezliklə ermənilərdən generalımızın qisasını alacağam” – demişdi və istədiyinə də nail olmuşdu.
O igid oğul - atasının hərbçi olmaq arzusunu reallaşdıran, fədakar anasının dayağı, ailəsini dünyalarca sevən, iki bacısı Nərminin və Nazilənin qayğıkeş qardaşı və tabor komandiri olan polkovnik-leytenant Rəşad Quliyevdir. Ömrünün 37 ilinin 15 ilini səngərlərdə keçirən bu hərbçini Aprel döyüşlərindəki, Vətən müharibəsindəki qəhrəmanlıqlara görə indi bütün Azərbaycan tanıyır. Dastanlara, kitablara sığmayan bir ömür yaşayıb, Rəşad Quliyev! Atasını uşaq yaşlarında itirib. Hələ Rəşadın 6 yaşı olanda atası Rəşid Quliyev qəflətən vəfat edir. Sonradan o, anası Mətanət xanımın himayəsi altında yüksək təhsil və böyük əxlaq tərbiyəsi alır. Rəşad Quliyev hərbçi sənətini də elə atasının vəsiyyətinə görə seçir. Əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi liseydə, sonradan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alır. Təhsilini 2004-cü ildə bitirdikdən sonra zabit kimi hərbi hissədə xidmət edir. Rəşad Quliyev 2016-cı il aprelin 1-dən 2-ə keçən gecə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə iştirak edir. Azərbaycan Ordusunun tarix yazdığı Lələtəpənin işğalçılardan azad edilməsində Rəşad Quliyevin də xidmətləri böyük olub. Kəşfiyyatçı olaraq cəsurluğuna görə canavar ləqəbi ilə də tanınıb. Kəşfiyyata getdiyi müddətdə erməni postlarında işarə qoyaraq ermənilərin canına vəlvələ salmaqla, onlarda çaşqınlıq yaratmağı da bacarıb.
2004-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissəsində mərd və qorxmaz hərbçi, komandir, tabor komandiri kimi əsgər və zabitlərin dərin hörmətini qazanır. Rəşad Quliyev “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” (2008), “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” (2013), “Qüsursuz xidmətə görə” (2014), “Hərbi xidmətdə fərqlənməyə görə” (2016), “Azərbaycan Ordusunun 100 illiyi” (2018) medalları və “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı (2019) ilə təltif olunub. Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəşad Quliyev Vətən müharibəsində gənclərə örnək olan rəşadətli döyüş yolu keçib. 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda Vətən müharibəsi başlayanda anasına, ailəsinə müharibə ilə bağlı məlumat vermir. Ancaq həyat yoldaşı Aygün xanıma deyir ki, “Ola bilər ki, tikəm ələ keçməsin, heç zaman üsyan etmə, qürurlu ol! ”O, sonradan Vətən müharibəsində iştirak etməsini anasına telefonla zəng edərək söyləyib. Anası Mətanət Quliyeva bu zəngdən sonra qürurlanır ki, zəhməti hədər getməyib, Vətənə layiq igid oğul böyüdüb. Oğlu da onun başını uca edib, qəhrəmandır, ermənilərin cavabını da kişi kimi döyüşərək verir. Bəli, Vətən müharibəsinin ilk günündə Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında ölüm-dirim savaşı başlayır. Bu həlledici döyüşdə polkovnik-leytenant Rəşad Quliyev və tabeliyində olan taborun döyüşçüləri qəhrəmancasına döyüşüb. Hətta döyüş zamanı tabor komandiri olsa belə, açıq havada yağışın altında olarkən hərbi geyimini sıxıb, yenidən tabora komandanlıq edir. Füzulinin azad edilməsi uğrunda döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsinin, hərbi obyektlərinin və döyüş texnikasının aşkar edilərək məhv edilməsində polkovnik-leytenant Rəşad Quliyevin də xüsusi xidmətləri olub. Növbəti döyüşlər Cəbrayıl rayonunun azad edilməsi uğrunda olub. Oktyabrın 5-də Rəşad Quliyev anası Mətanət xanımla sonuncu dəfə danışıb. Rəşad anasına ondan nigaran qalmamağı söyləyib. Oktyabrın 7-də polkovnik-leytenant Rəşad Quliyev Cəbrayıl rayonunun erməni işğalından azad edilməsi uğrunda hərb tariximizə qızıl hərflərlə yazılan tarixi döyüşdə şəxsi igidlik və şücaət göstərərək şəhadətə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovnik-leytenantı Rəşad Quliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Polkovnik-leytenant Rəşad Quliyevin xatirəsi xalqımız tərəfindən həmişə əziz tutulur. Suraxanı rayonunun Zığ qəsəbəsində və Xətai rayonunda polkovnik-leytenant Rəşad Quliyevin adına bulaq kompleksləri salınıb, istirahət parkları istifadəyə verilib. Nur üzlü şəhid polkovnik-leytenant Rəşad Quliyevin Dərya və İnci adlı övladları bu gün anası Mətanət xanıma əmanətdir. Mətanət xanım da onlarla təsəlli tapır. Oğlu Rəşadla bağlı xatirələri də onlarla bölüşür. Mətanət Quliyeva qəhrəman oğlunun xatirəsini yaşatmaq üçün öz evində xüsusi guşə də yaradıb. Burada polkovnik-leytenant Rəşad Quliyevin fotoşəkilləri, portreti, şəxsi əşyaları əmanət kimi saxlanılır. Azərbaycanın qəhrəman oğlu polkovnik-leytenant Rəşad Quliyevin şəhadətindən bir il keçir. Xalqımız heç vaxt 44 günlük Vətən müharibəsində bizlərə Böyük Qələbəni bəxş edən polkovnik-leytenant Rəşad Quliyevin və minlərlə şəhid oğullarımızın xatirəsini yaddan çıxarmayacaq və unutmayacaq!
Təranə CƏBİYEVA
Facebook'da Paylaş