GƏLİŞİ VƏ GEDİŞİ İLƏ SƏS SALAN ƏLİ SEYİDOV

11-07-2021, 11:35

 GƏLİŞİ  VƏ GEDİŞİ İLƏ SƏS SALAN  ƏLİ SEYİDOV


Bakının Bülbülə kəndində bir xiyaban var. Burada I Qarabağ və Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımız dəfn olunub. İndi onların məzar daşlarından məsum şəkilləri boylanır. Hamısı da gənc və yaraşıqlıdırlar. Tanrı şəhadətə yüksəltdiyi bu oğullara uca qamət, üzlərinə gözəl nur bəxş edib. Xiyabana gələn ziyarətçilər bir-birindən yaraşıqlı, çöhrəsi təbəssümlü olan igid oğullarımızin məzarını həmişə böyük ehtiramla yad edir. Burada dəfn olunan şəhid oğullar sanki onları ziyarət edənlərə müharibənin ağrı-acılarından, göstərdikləri şücaətlərdən, qəhrəmanlıqlardan danışmaq istəyir. Bu söhbəti nə qədər dinləmək arzusunda olsaq belə, ancaq onların məna dolu baxışları ilə rastlaşırıq. Şəhid məzarının önündə ayaq saxlayanda isə ətrafa sakit sükut hakim olur. Bu sükut ayrı bir sükutdur. Yaşıllığa, gül-çiçəyə qərq olan xiyabanda qəfildən sükutu pozan isə quşların cəhcəhi, səsi olur. Bülbülə Şəhidlər xiyabanı həm də hər birimizin and yeridir! Çünki bu qəhrəman oğullar sinələrini sipər ediblər! Qarabağ müharibəsində qorxu bilmədən ölümün gözünə dik baxıb, şəhadətə yüksələnləri indi bütün Azərbaycan tanıyır!

Şəhid oğullardan biri də Əli Seyidovdur. Adı çəkiləndə ürək sızlayır ki, şəhadətə yüksələndə nurlu təbəssümü belə üzündə qalıb.Ötən il ömrünün 21-ci baharını ailəsiylə qeyd etmişdi. Hamı onun yanındaydı, təbrik edirdi. İlk təbrik edən də dünyalarca sevdiyi anası Lalə xanım idi. Bu gün oğluyla qürur duyan Lalə xanım Əlinin ad gününü, şad gününü - ömrünün iyirmi ikinci baharında isə onsuz qeyd edir. Lalə xanım oğlunun xatirəsini əbədiləşdirmək üçün xatirə bulağı da çəkdirib. Evində isə onun şəxsi əşyalarını, idman nailiyyətlərini bir guşəyə toplayaraq, kiçik muzey yaradıb. Bu muzeydə diqqəti cəlb edən Əlinin uşaqlığından ömrünün sonuna qədər yol gələn şəkilləri, portretidir. Ana oğlunun yadigarı olan şəxsi əşyalarıni da möhkəm saxlayır ki, onlar heç zaman itməsin.


Lalə xanıma bir də təsəlli verən oğlunu sonuncu dəfə telefonuna çəkdiyi video görüntüsüdür. Belə ki, 9 aylıq hərbi xidmətdən sonra 15 günlük müddətə məzuniyyətə gələn Əli cəmi üç gün evdə anasının yanında qalır. Dördüncü gün isə Vətən müharibəsi başlayır. O, anası ilə görüşüb, yola düşəndə ana əlindəki telefonla oğlunu çəkərək, ona evə sağ-salamat qayıtmağı arzulayır. Əli də sonuncu dəfə geri dönərək, anasına baxıb, sonra yoluna davam edir.Bu ana ilə balanın son görüşü olur. Əli Rahin oğlu Seyidov 1999-cu il iyulun 11-də Bakıda anadan olub. 2006-cı ildə Ramana qəsəbəsindəki Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin I sinfinə gedib. Məktəbdə oxuyarkən Əli idmanın kinq-boks, ağır atletika ilə məşğul olub.Tale elə gətirib ki, rayon, şəhər və respublika yarışlarında nailiyyətlər qazanaraq,15 qızıl, 6 gümüş və 3 bürünc medallara layiq görülüb. Məktəb illərində dostları çox olub Əlinin. Müəllimlər də ürəyi saf, qəlbi mərhəmətli olan Əliyə həmişə arxa olublar. 2017-ci ildə Əli Seyidov orta məktəbi bitirib. O, sənədlərini Milli Aviasiya Akademiyasına verir. Cəmi iki balı çatışmadığına görə o, ali məktəbə daxil ola bilmir. Ancaq ruhdan düşməyən Əli fikirləşir ki, mütləq gələn il yaxşı hazırlaşmalıyam ki, Milli Aviasiya Akademiyasının tələbəsi ola bilim. 2018-ci il yanvarın 4-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayonu İdarəsindən hərbi xidmətə yollanır. Goranbay rayonunda əsgərlik həyatı başlayır. 3 aylıq hərbi xidmətdən sonra Ağdam rayonunda Vətənin sərhədində keşik çəkir. Əsgər yoldaşları arasında silahı tez söküb, yığmaq məharətinə görə komandanlıq tərəfindən təşəkkürnamə və bayraqla təltif edilir. 2019-cu ildə hərbi xidmətini uğurla başa vursa da o, hərbiçi olmaq qərarına gəlir. O, bu dəfə hərbi hissəyə müddətdən artıq xidmət üçün yollanır. Əli hərbidə qol güləşində, qaçışda sərrast nişanla atəşdə və cəmi 4 saniyəyə silahı söküb yığmaqda rekordçu olur, tanınıır. 2020-ci il sentyabrın 27-də erməni faşistlərinə qarşı Vətən müharibəsi başlayanda Əli Seyidov ön cəbhədə düşmənə qarşı döyüşür. Əlini hətta komandiri əsgər yoldaşlarına nümunə göstərərək “siz də Əli kimi cəsur olun” – deyir. Əli Seyidov Vətən müharibəsində cəldliyi, qorxmazlığı ilə seçildiyindən döyüş yoldaşları onu Yırtıcı - deyə çağırırdı. Əliyə həm də xeyirxahlığına, yaxşı əməllərinə, çörəyini dostlarıyla bölüşdüyünə görə Seyid də deyirdilər. Ermənilərin uşaqlara qarşı törətdiyi cinayətləri, günahsiz insanları qətlə yetirməsi, hərbçilərimizi öldürməsi Əlidə düşmənə qarşı nifrət hissi yaratmışdı. Müharibə başlayanda o, əlindəki silahla mənfur ermənilərdən qisas almağa and içir. Düşmən üzərinə qorxmadan cəld hücuma keçən, silahıyla sərrast atəş açan Əlinin qarşısını heç bir qüvvə ala bilmir.


Əsl qəhrəman, əsl kişi qeyrətli oğul idi Əli! Əli Seyidov Vətənin azadlığı uğrunda gedən döyüşlərdə yaşı qədər, yəni 21 erməni postunu məhv etməyə nail olur. Əli Seyidov döyüşün qızğın çağında 7 erməni ilə əlbəyaxa vuruşaraq onları məhv etməyi bacarır. Azərbaycan Ordusunun əsgəri, kəşfiyatcı Əli Seyidov torpaq yoluda, el yolunda canını fəda etməyə hazır idi. O, Tərtərin Suqovuşan ərazisini erməni işğalından azad etmək uğrunda döyüşdə iştirak edir. Əli Seyidovun komandiri bu döyüşlə bağlı qeyd edir ki, “Əli döyüşdə yaralanır. Ancaq yaralansa da o, qorxu bilmədən irəliyə doğru gedir. Döyüşün ən qızgın çağında yaşının az olmasına baxmayaraq, əsgərlərə də deyir ki, “müharibənun sonuna qədər əsl kişi kimi vuruşun!”. 2020-ci il oktyabrın 4-də Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu əsgər Əli Seyidov Suqovuşan uğrunda döyüşdə şəhid olur. Əli hələ sağlığında “şəhidlik gözəl, mərd və qeyrətli zirvədir” – deyərdi. Onun arzusu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov kimi şəhadətə yüksəlmək olur. Hətta özünə Mübariz İbrahimovun şəhadətə ucaldığı yerdə şəhid olmağı belə arzulayır. Allah onun arzusunu eşidir, Mübariz İbrahimovun şəhadətə yüksəldiyi yerdə də şəhid olur.

Əli Seyidov döyüşdə yaralananda əsgər yoldaşlarından bədənindəki ağrıları, içində çəkdiyi əziyyətləri gizlədir. O, son nəfəsində əsgər yoldaşlarının üzünə gülümsəyərək “Nə olub qan görmüsüz? İndi hər şey yaxşıdı” – deyib, gözlərini əbədi yumur. Şəhadətə yüksələn Əlinin üzünə təbəssüm isə əbədi həkk olur. Üç qardaşın ən balacası, evin sonbeşiyi Əli Seyidov ailəni sevincini də özü ilə aparır, Ananın döyünən ürəyi, tək sirdaşı Əli ölməzliyə qovuşur. 2020-ci il oktyabrın 10-da kəşfiyyatçı çavuş rütbəsində xidmət edən Əli Seyidov Bülbülə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş şəhid Əli Rahin oğlu Seyidov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azadlığı uğrunda”, “Ağdamın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
P.S Elə bil dünən idi ki, Əli anasının qulağına pıçıldamışdı ki, “ana, mən iyirmi iki yaşımda çox məşhur olacağam. Baxarsan gəlişimlə, gedişimlə mən səs salacağam!”. Ana isə düşünmüşdü ki, idmançı oğlu gələcəkdə yenə də uğurları ilə onu sevindirəcək.Əslində bu səs salmaq Əlinin Vətən müharibəsində yazdığı böyük tarix oldu! İllər keçəcək, 21 yaşında ölməzliyə qovuşan Əli Seyidovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, igidlik saysız-hesabsız olduğundan, unudulmayacaq! Bu gün deyəcəyimiz isə odur ki, Azərbaycana səs salan Əli, cənnətdəki ad günün mübarək!



Təranə Cəbiyeva




Facebook'da Paylaş