DSX-nin Xüsusi Məktəbinin yeni korpusu açılıb

29-09-2021, 10:03

DSX-nin Xüsusi Məktəbinin yeni korpusu açılıb

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni korpusunun açılışı keçirilib.
DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant C.Abdullayev Xidmət rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini çatdırıb, hazırkı mərasimin ölkəmizin şanlı qalibiyyətinin, ərazi bütövlüyümüzün bərpa edildiyi 44 günlük Vətən müharibəsinin 1-ci ildönümü dövrünə təsadüf etməsi ilə əlamətdar olmasını vurğulayıb.
Çıxışçı Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, bilikli, savadlı, texnoloji yenilikləri mənimsəməyə və tətbiq etməyə qabil müasir dünyagörüşlü kadrların yetişdirilməsində, fərdi xüsusiyyətlərini, maraq və potensial imkanlarını nəzərə almaqla hər bir kursantın Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali hərbi təhsil üçün hazırlanmasında Xüsusi Məktəbin böyük rolu vurğulanıb.
Fəaliyyətə başladığı dövrdən qısa müddət ərzində məktəbin ölkəmizdə böyük nüfuz qazandığı, məktəbdə təhsil alan kursantların tədris, istirahət və təminat məsələlərinin daima diqqət mərkəzində saxlanıldığı, yeni korpusunun istifadəyə verilməsinin onların istirahəti, asudə vaxtının daha da faydalı keçirilməsi, fiziki, intellektual və yaradıcı məşğuliyyətləri üçün geniş imkanlar yaradacağı bildirilib.
Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev çıxış edərək məktəbin yeni korpusunun istifadəyə verilməsi, eləcə də tədris ilinin başlaması münasibətilə kursantları təbrik edib, onlara dərslərində müvəffəqqiyyətlər arzulayıb.
Açılış mərasimindən sonra iştirakçılar yeni korpusda yaradılmış şəraitlə tanış olublar. 5 mərtəbəli binada 600 nəfərlik yataqxana, müasir avadanlıqlarla təchiz edilmiş idman zalı, inzibati, xidməti və növbətçi otaqlar, şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi üçün istirahət otaqları mövcuddur. Kursantların dərsdən sonrakı fəaliyyətlərinin nəzarətdə saxlanılması üçün videomüşahidə sistemi tətbiq edilib, korpusun ərazisində əsaslı tikinti-abadlıq işləri aparılıb, geniş yaşıllıq salınıb, ağaclar əkilib, sıra meydanı yaradılıb. Tədbir iştirakçıları Xüsusi Məktəbin tədris korpusunda da mövcud imkanlarla, o cümlədən sinif otaqları, yeməkxana, idman zalı, futbol meydançası və su hovuzuna baxış keçiriblər.
Tədbirin sonunda Xüsusi Məktəbin kollektivi ilə xatirə şəkli çəkdirilib.




Facebook'da Paylaş