İşğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki “Soltanlı”, “Xələfli”, “Xudafərin” və “Qumlaq” sərhəd zastavaları üzərində oktyabrın 30-da Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd zastavaları xidməti-döyüş fəaliyyətinə başlayıblar.
Bu münasibətlə təşkil edilmiş tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında əzəli Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələrinin qovulması üzrə uğurlu döyüş əməliyyatlarımızın Böyük Qələbə gününü anbaan yaxınlaşdırdığı vurğulanıb.
Azərbaycan-İran dövlət sərhədinin Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülməsinin böyük hərbi-siyasi və iqtisadi əhəmiyyət daşıması, İran İslam Respublikasının sərhəd mühafizə orqanları ilə faydalı əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etməsi, Azərbaycan və İran sərhədçilərinin bilavasitə dövlət sərhədində qarşılıqlı əlaqələrinin və birgə fəaliyyətlərinin sərhəd təhlükəsizliyinin təminatı üçün mühüm əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.
Dövlət sərhədində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin hərbi-vətənpərvərlik ruhunun yüksək olması, Vətən sərhədlərinin keşiyində qürurla xidmət etmələri, işğaldan azad edilən sərhəd zastavalarında ən qısa müddətdə müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılacağı, hərbi qulluqçular və onların ailə üzvləri üçün zəruri xidmət və yaşayış şəraitinin yaradılacağı bildirilib.
Qeyd edək ki, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin işğaldan azad edilməsi Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam bərpası üçün son dərəcə önəmli hadisədir.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və 27 ildən sonra azad edilmiş bu ərazilərdə dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunur.