Elçin Quliyev təmas xəttində döyüş tapşırığını yerinə yetirən hərbçilərlə görüşüb
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələrində olub. O, təmas xəttində döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçularla görüşüb.
DSX rəisi “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, həmçinin ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqında Sərhəd Qoşunları Komandanının və digər rəhbər vəzifəli şəxslərin məruzələrini dinləyib, Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarının ən yüksək səviyyədə icra edilməsi, döyüş hazırlığının daha da gücləndirilməsi, şəxsi heyətin döyüş ruhunun və vətənpərvərlik hislərinin yüksəldilməsi, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin yerli orqanları, Müdafiə Nazirliyinin xidməti ərazidə dislokasiya olunmuş hərbi hissə və birləşmələri ilə qarşılıqlı əlaqələrin daha yüksək səviyyədə təşkil olunması, Qazax və Ağstafa rayonlarında yerli icra hakimiyyəti orqanları və vətəndaşlarla münasibətlərinin genişləndirilməsi istiqamətində göstərişlərini verib.
General-polkovnik Elçin Quliyev Qazax və Ağstafa rayonlarının ərazisində ərazi müdafiəsinin təkmilləşdirilməsi ilə yanaşı sərhəd döyüş məntəqələrində tikilən yeni xidməti binaların və əsgər kazarmalarının inşa vəziyyəti, məntəqələrdə quraşdırılmış modul tipli binalarda, səhra mətbəxlərində və səhra hamamlarında yaradılmış şəraitlə tanış olub.
Elçin Quliyev sərhəd döyüş məntəqələrində xidmət-döyüş fəaliyyətinin təşkilində fərqlənmiş hərbi qulluqçuları təltif edib.