Tahir Mirkişili: "27 sentyabr 2020-ci ildə Qoca vulkan oyandı"
“Nə yatmısan, qoca vulkan,səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Hanı sənin tufan yıxan, Gurşad boğan, Yurda oğul oğulların!
Qara Çoban, Dəli Domrul oğulların?”
Biz 30 il Məmməd Arazın bu şeirinin sözləri ilə yaşadıq, utanc hissi ilə, qınaq hissi ilə.
Amma 27 sentyabr 2020-ci ildə bu şeirdə nələr istənmişdi o baş verdi. Qoca vulkan oyandı, yurdumuzun qəhrəman oğulları Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə düşməni darmadağın etməyə başladı, üzərimizdəki o ləkəni təmizləməyə başladı. Həmin gün xalq birləşdi, bir yumruq oldu. Azərbaycan yenidən doğuldu! Biz hər birimizdə mövcud olan “yarımçıqlıq” sindromundan azad olduq! Yeni Azərbaycanın, hər birimizin yeni doğum tarixi məhz o gün oldu!
O anları, hissləri bizə qəhrəman şəhidlərimiz bəxş etdi:
“Sahibsiz vətənin batması haqdır,
Sən sahib olarsan bu vətən batmayacaqdır!”
Biz onları daim qürurla anacağıq! Hər birimiz onlara oxşamağa çalışacağıq! Onlar bizim ən yaxşılarımızdır!
Facebook'da Paylaş