Bütöv Azərbaycan uğrunda canından keçənlərimiz.

11-12-2020, 15:28

Bütöv Azərbaycan uğrunda canından keçənlərimiz.
Rasimin valideynləri onun gələcək həyat yoldaşı, sonralar illərlə ərinin dilindən “Azərbaycan birləşdi, bütövləşdi” müjdəsini eşitmək ümidi ilə ərinin yolunu gözləyəcək Aytənin “hə”sini almaq üçün Pişəvəri fədaisi mərhum Bayramzadə Zülfəlinin qapısına gəlmişdilər.
Valideynləri ilə Rasim də gəlmişdi. İlk baxışda çox sakit, cüssəcə zəif və cılız görünən bu oğlan birdən “mən özümü uzun illər Bütöv Azərbaycan arzusu ilə yaşamış bu ailənin ruhuna yaxın bildiyimdən valideynlərimi Aytənin əlini istəmək üçün bu qapıya göndərdim. Aytənə bu sevinci yaşatmaq istəyirəm və yaşadacam...” Yaşatdı da... Rasimin fədai nəslindən olan Aytənlə birgə ailə həyatı başladı, Zeynəb adlı bir qız övladları dünyaya gəldi. Ailənin sevincli, ümidlə dolu günləri başladı.
Rasim Aytənə verdiyi vədini çox tez bir zamanda – canı, qanı bahasına, şəhidlik zirvəsinə ucalmaqla yerinə yetirdi. Bəli, vətənin azadlığı uğrunda qurban getməklə Aytəninə söz verdiyi müjdəni gətirdi... Qarabağ erməni işğalından azad oldu, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi. Bu münasibətlə şanlı zəfər bayramı, möhtəşəm hərbi parad təşkil edildi ki, vətənin azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu şad olsun, göylərə ucalsınlar, zirvələrdən bizim yaşadığımız sevinci seyr etsinlər. Rasim də bütün şəhidlərimiz sırasında bizə, ailəsinə, doğmalarına, dostlarına, bütün həmvətənlərinə daim qürurla, başıucalıqla, yaratmaq eşqilə yaşamağın yoluna işıq saçaraq getdilər.
Ümid edirik ki, bir zaman Rasimin Bütöv Azərbaycan arzusu da çin olacaq, Şimalla Cənub arasından sərhədlər götürüləcək, nisgillər silinəcək, bu yolda canlarından, mallarından, varlıqlarından keçən şəhidlərimizin ruhu şad və rahat olacaqdır...
Şəhidimizin qısa tərcümeyi-halı: Əmrahov Rasim İmran oğlu 1988-ci ilin oktyabr ayının 12-də Azərbaycan Respublikasının Yevlax rayonunun Ərəbbəsrə kəndində anadan olmuşdu. Orta təhsilini də bu kənddə almışdı.
2006-cı il ilin oktyabr ayının 16-da hərbi xidmətə çağırılmışdı. Həqiqi hərbi xidmətini 2008 ildə başa vurduqdan sonra bir müddət öz kəndlərində təssərrüfatla məşğul olsa da, vətənin azadlığı, bütövlüyü uğrundakı arzuları, istəkləri ona rahatlıq vermədi. 2014 cu ildən MAXE əsgər olaraq 708 saylı hərbi hissəsədə xidmətə başlamış, tapşırıqları vaxtında yerinə yetirdiyinə, fəaliyyətində fərqləndiyinə və göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən “Azərbaycan ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə də təltif edilmişdi. O, 27 sentyabr 2020 ci il tarixində torpaqlarımızın azadlığı uğrunda başlanmış Vətən müharibəsində bütün əsgər və zabitlərimiz kimi iştirak etmiş və 2020 ci ilin oktyabrın 8-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına ŞƏHİD olmuşdur.

Vətənin azadlığı və bütövlüyü uğrunda şəhid olanlar heç vaxt unudulmurlar, yaddan çıxmırlar. Vətən, xalq, millət yaşadıqca onlar da yaşayırlar!

“Bütöv Azərbaycan” qəzeti redaksiyası[b][/b]




Facebook'da Paylaş