Vətənpərvərliyin ən ali məqamındakı Elşad Nağıyev

26-07-2020, 12:23


Vətənin bütövlüyü, azadlığı, bölünməzliyi uğrunda canından, qanından, sağlamlığından keçən igid oğulların həyat və döyüş yolu, onların Vətən əmanəti olan ailələrinin yaddaşlarında qalan silinməz xatirələri Kütləvi İnformasiya vasitələrimizdə tez-tez işiqlandırılır. Bugünkü yazımız vətənpərvərliyin ən ali məqamına yüksəlmiş şəhid Elşad Nağıyev haqqındadır. O, 1963-cü ilin avqust ayında Azərbaycan Respublikasının ən isti bölgəsində-Culfa şəhərində isti bir yay günündə dünyaya göz açıb. Arif əminin təlim-tərbiyəsini alan, bu isti, mehriban ocaqda böyüyən Elşad Nağıyev yaxınlarının, tanışlarının dediyinə görə, insanlarla istiqanlı, mehriban münasibətlər qurub və həmişə dost-tanışlar arasında sevilib seçilən, qətiyyətli və qorxmaz biri olub. Orta məktəb illərindən idmanla mütamadi məşğul olan qəhramanımız müharibə alovunu, odsaçan mərmilərin nişangah olduğu yerləri ehtiva etdiyini, şəhid qanı ilə suvarılan bu torpağa tuşlanan hər bir mərminin, güllənin bir ürəkdən keçərək bir nəfəsi susdura biləcəyini anlasa da, Vətənə olan sevgisi, ulu diyarın onun ruhuna hopdurduğu igidlik, mərdlik, qəhramanlıq duyğuları onu hərb elminə yönləndirmişdir. Nəticədə, o, 1980-ci ildə orta məktəbi bitirdikdən sonra Ukraynanın Donetsk şəhərinə yollanır. Həmin şəhərdə yerləşən Ali hərbi məktəbi zabit kimi bitirib, Sovet ordusunda hərbi xidmətə başlamışdır. Bir müddət Ukraynada qulluq keçdikdən sonra Sovet qoşunlarının tərkibində Əfqanıstana göndərilən və qızğın döyüşlərin iştirakçısı olan Elşad Nağıyev 1986-cı ilin yazında oradan qayıdır və 271-ci taburda bölük komandirinin siyasi işlər üzrə müavini işləməyə başlayır. Hərb elminə dərindən yiyələnən, Əfqanıstan müharibəsində böyük təcrübə edinən qəhramanımız kariyera pillələrində iri addımlarla yüksəlir. O, sonrakı dövrdə 342-ci alayda bölük komandirinin müavini, 329-cu, 34-cü, 370-ci alaylarda komandir müavini vəzifələrində işləmişdir. Vətənə xidmətini davam etirməklə yanaşı, 1990-cı ildə hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi biliklərini artırmaq məqsədi ilə Ali Hərbi Siyasi Akademiyada daxil olmuş və 1993-cü ildə həmin akademiyanı bitirmişdir.
1992-ci ildən Azərbaycan Milli Ordusunun N saylı hərbi hissəsində komandir kimi çalışan Elşad Nağıyevin Milli Ordumuzun formalaşmasında çox böyük xidmətləri olmuşdur. O, Ordubad rayonunun uca dağ silsilələrinin əhatəsində yerləşən “Soyuq” adlanan sərhəd ərazilərinin erməni təcavüzündən qorunmasında böyük rol oynayaraq insanların əmin-amanlıqda yaşaması, torpaqların etibarlı müdafiə olunması üçün bu bölgəni müdafiə istehkamına və alınmaz qalaya çevirmişdir.
90-cı illərin əvvəllərində muxtar respublikanın alınmaz qalası-Sədərək ermənilər tərəfində ağır artileriya atəşinə tutulurdu.Düşmən ardıcıl artilleriya atəşi ilə evləri, məktəb binalarını, ictimai və sosial obyektləri dağıdaraq, əhalidə qorxu,çaşqınlıq yaratmağa çalışırdı.Burada düşmənin əsas məqsədi Naxçıvanın giriş qapısını ələ keçirib, şəhərə soxulmaq və muxtar respublikanı işğal etmək idi.Belə bir dövrdə Elşad Nağıyevin rəhbərlik etdiyi hərbi hissə Ermənistanla sərhəd olan döyüşün ən qızğın nöqtəsinə-Sədərək bölgəsinə göndərilmişdi. Həmin dövürdə bu bölgənin düşməndən müdafiəsini təşkil etməklə yanaşı, həm də o, Sədərəkdə texniki-döyüş və istehkam qurğularının yaradılmasında, orduda nizam-intizamın möhkəmləndirilməsində çox böyük xidmətlər göstərmişdir.Ordu quruculuğunda və torpaqlarımızın müdafiəsindəki bu xidmətlərinə görə o, vaxtından əvvəl - 31 yaşında polkovnik-leytenant rütbəsinə layiq görülmüşdür. Elşad Nağıyev 1994-cü il sentyabrın 8-də Sədərək bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş və ona bu rütbəni daşımaq qismət olmamışdır.
          Vətən torpaqlarının erməni işğalçılarından müdafiəsində igidlik və fədakarlıq göstərdiyinə, Milli Ordunun hərbi hissələri qarşısında  qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1998-ci il tarixli, 735 nömrəli fərmanı ilə Elşad Arif oğlu Nağıyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.


          Şəhid polkovnik-leytenant Elşad Nağıyevin xatirəsini əbədiləşdirmək üçün Culfa şəhərinin əsas mərkəzi küçələrindən birinə onun adı verilmiş və əsaslı səkildə yenidənqurulmuş Heydər Əliyev prospektində yerləşən Şəhidlər abidə kompleksində onun büstü qoyulmuşdur.
          Əlavə olaraq bildirim ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodiki Mərkəzinin Könüllüləri tərəfindən azərbaycandilli “Vikipediya”da Şəhid polkovnik-leytenant haqqında məlumat bazası yaradılmışdır
P.S: Düşünürəm ki, Şəhidlik zirvəsinə ucalanların ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Bu zirvəyə ucalanları tanımaq, onların keçdiyi həyat yolunu öyrənmək, xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur.


Həsən MƏMMƏDOV




Facebook'da Paylaş