“Şah İsmayıl Xətai” Fəxri Fərmanı ilə təltif edilmiş Milli Qəhrəman

13-11-2017, 11:00




 Əslən Naxçıvandan olan Çingiz 2 oktyabr 1964-cü ildə Bakı şəhərində dünyaya göz açıb. O, Yasamal rayonundakı 20 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. O, 1986-cı ildə ali təhsilini başa vurub, təyinatla Azərelektroterm zavodunda əmək fəaliyyətinə başlamışdır. İşləməklə yanaşı Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun nəzdində ingilis dili üzrə ikiillik kursu bitirir.

 1992-ci ildə Çingiz Yasamal rayon Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəssis vəzifəsinə işə qəbul olunur. O, həmin ilin avqust ayında Vətənin çağırışına səs verib, könüllü olaraq Milli Ordu sıralarına daxil olur. Bir müddət hərbi hissələrin birində qərargah rəisi vəzifəsində çalışır, 1994-cü ildə Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə C.Naxçıvanski adına hərbi litseyə keçirilir. Burada əvvəlcə taqım komandiri kimi çalışır. Sonra təcrübəsini nəzərə alıb, onu bölük komandirinin siyasi və tərbiyəvi işlər üzrə müavini vəzifəsinə irəli çəkirlər. O, təlim-tədris sahəsində qazandığı yüksək nəticəyə görə komandanlıq tərəfindən “Şah İsmayıl Xətai” Fəxri Fərmanı ilə təltif edilmişdir. 28 oktyabr 1995-ci il... Payız axşamı... Həmişə olduğu kimi Bakı metrosu öz iş rejimi ilə işləyirdi. Metro qatarları sərnişinləri fasiləsiz olaraq mənzil başına çatdırırdı. Birdən “Ulduz” və “N.Nərimanov” stansiyaları arasında hərəkət edən qatar alova büründü. Sərnişinlər özlərini ora-bura vurur, bu bəladan xilas olmağa çalışırdılar. C.Naxçıvanski adına hərbi litseyin zabiti, baş leytenant Ç.Babayev də sərnişinlər arasında idi. O, ilk andan fəryad qoparan insanları xilas etmək üçün təcili tədbir görməyi qərara alır. Çingiz qatarda onunla yol gedən kursantları da səfərbər edib, odun-alovun içinə atılır. Cəsur zabitin göstərdiyi misilsiz təşkilatçılıq və fədakarlıq nəticəsində onlarla insan ölümdən xilas oldu. Ancaq özü amansız ölümün pəncəsindən qurtara bilmədi, başqalarının həyatı uğrunda öz həyatını qurban verdi.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 3 noyabr 1996-cı il tarixli 506 saylı fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakının Yasamal rayon qəbristanlığında dəfn edilmişdir.
Onun şərəfinə Bakı metrosunun “Ulduz” stansiyasında abidə kompleksi ucaldılmış, C.Naxçıvanski adına hərbi litseydə isə büstü qoyulmuşdur. Oxuduğu orta məktəbə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.




Facebook'da Paylaş