ƏSL TÜRK BAYRAMI NARDOĞAN

24-12-2018, 12:02

ƏSL TÜRK BAYRAMI NARDOĞAN

Hər il uşaqdan böyüyə hər birimiz yeni ili qarşılamağa səbrsizlənirik. Əsas da ailə üzvlərimizi hədiyyələrlə sevindirməyə, Şaxta Babanı görməyə və ən vacib atribut sayılan şam ağacını bəzəməyə. Amma çoxumuz bilmirik ki, qərbdən gəlmədir deyə düşündüyümüz bu ənənənin kökündə türk mədəniyyətinin izləri var. Çünki bu gün bütün xristian dünyasının Həzrəti İsanın doğum günü olaraq qeyd etdiyi Noel, əslində əski türklərin Nardoğan bayramıdır.
İslamdan əvvəlki türk inancına görə, yerüzünün tam mərkəzində ucu göy üzünə qədər uzanan “həyat ağacı”- ağ küknar vardı.Yeraltı ruhlarla yerüstü varlıqları bir -birinə bağlayan bu ağac göy tanrısı Ülgənə doğru yolu göstərirdi. Ülgən isə öz növbəsində türklər üçün müqəddəs sayılan günəşin hərəkətlərini istiqamətləndirirdi. Və gecələrin qısalmağa, gündüzlərin uzanmağa başladığı 21-22 dekabrda türklər günəşin yenidən doğuşunu yəni “Nardoğan Bayramı”nı böyük şənliklərlə məhz ağ küknarın ətrafına toplaşaraq bayram edirdilər. Həmin gün Tanrı Ülgənə Günəşi geri verdi deyə dualar oxunurdu. Eyni zamanda bu dualar Tanrıya çatsın deyə ağacın altına hədiyyələr qoyulur, budaqlarına nəzir bağlanaraq növbəti il üçün diləklər dilənirdi. ( Qeyd etmək lazımdır ki, bizə şamanizmdən miras qalmış bu ənənə hələ də yaşamaqdadır. Azərbaycanın bir çox yerlərində günü bu gün də ağac pirləri mövcuddur. Şəmkirdəki “Dağdağan” və “Dündül “ocaqları buna nümunədir.) O gecə bütün ailə bir yerə yığışır, xüsusi yeməklər hazırlanır, yeni əlbisələr geyinilirdi. Bəzənmiş küknarın ətrafında əl-ələ tutaraq günəşin əks istiqamətində 7 dəfə dövrə vurulur və türk mifologiyasında yeraltı dünyanın tanrısı olaraq bilinən Ərlik Xana da alqış edilirdi.Bu ritualdan sonra Ülgənin qardaşı Ərliyin də yaxşı və comərd olduğu , əlində hədiyyə dolu torbası ilə evləri dolaşdığı düşünülürdü. Beləliklə , həmin gün bütün pisliklər unudulur, hər kəs bir-birinə qarşı yaxşı davranırdı. Bayram sevinci isə düz 10-12 gün davam edirdi.
Lakin Nardoğan bayramı vaxt keçdikcə Hun türkləri sayəsində Qərbə yayılır. Tez bir zamanda Paqan Avropalılar tərəfindən mənimsənilən bu bayramın, İmperator Konstantinin ( M.S 324-337 ) dövründə İznikdə toplanan xristian liderlər tərəfindən İsanın doğuşu olaraq qeyd edilməsinə qərar verilir. İsa günəş tək aləmə nur saçdı deyə bir fikir ortaya atılır. 22 dekabr 25 dekabrla əvəzlənir. Nəticə də gerçək türk bayramı xristianlaşdırılaraq Noel bayramı adını alır. Hətta sonralar qərb dünyasında Ülgən Ata hamıya Noel baba, Ağ küknar isə Noel ağacı kimi təqdim edilir. Halbuki, Noel babanın geyindiyi uzun qaftan, çəkmə və başındakı börkün Avropa ilə heç bir əlaqəsi yox idi. Bütün bunlar qədim türk insanının qiyafətləri sayılırdı. Avropa kişisi isə o dövrdə yalnız ətəkli əlbisə və sandal geyinirdi. Ağ küknarınsa türk mifologiyasında özəl yeri var. Bu özəllik onun ölümsüzlüyü simvolizə edən həyat ağacı olmasıdır. 
ƏSL TÜRK BAYRAMI NARDOĞAN

O, Ulu Göy Tanrını təmsil etdiyindən kəsilməsi hər zaman günah bilinmiş, canlı varlıq olduğuna inanılmışdır.(Türk inancına görə, hər bir ağac canlı varlıqdır)Sözsüz ki, Sibirdə aşkar edilən məzarlarda ölülərin bu ağacın budaqları ilə birgə dəfni də küknarın türklərdə nə qədər müqəddəs sayıldığını isbatlayır. Zirvəsi göy üzünü, kökləri isə o biri dünyanı işarə edən həyat ağacı əksər türk xalı və kilimlərində də yer alıb. Bizim Naxçıvan və Şirvan xalçalarında, Gəmiqaya təsvirlərində bu ağaca rast gəlinir. Digər baxımdan küknar ağacı həm də evliliyi ifadə edir. Belə ki, keçmişdə toylarda yeni evlənən cütlüklərin xoşbəxt və uzun bir həyat sürməsi üçün oğlan və qız evi tərəfindən bir-birinə hədiyyə etməkdən ötrü müxtəlif şirnilər, meyvələr və şamlarla küknar ağacı bəzədilərdi . “Şah Bəzəmə”, ”Şah Qaldırma” adlanan bu ənənəni Azərbaycan türkləri əsrlərdir qoruyaraq Qədim Borçalı eli (Qarapapaq türkləri), Naxçıvan, Qazax və Qarsda indi də yaşatmaqdadırlar. Buradan da görünür ki, istər Noel Baba, istərsə də Noel Ağacı hətta Ded Moroz, Santa Klaus, hədiyyələr, maral qoşqulu xizək, bildiyimiz Yolka əski türklərdən alınmadır. Və türk mədəniyyətinin qərbə bir növ hədiyyəsidir.
ƏSL TÜRK BAYRAMI NARDOĞAN

Qeyd edək ki, bildiyimiz bəzəkli Küknar Ağacları da Avropada ilk dəfə XVI əsrdə Almaniyanın qərbində görünür. XVII əsrdə daha da populyarlaşır.XIX əsrdə isə bu ənənə Fransa, İngiltərə, Avstraliya, Polşa və Hollandiyaya yayılır. Aradan yüz illər keçməsinə baxmayaraq, türk xalqları Nardoğan bayramını günü bu gün də keçirir. Onun ənənələrini Tatarlar, Başqırdlar, Çuvaşlar və Qaraçay- Malkarlar hələ də yaşadırlar. Lakin Nardoğan - günəşin zəfəri Azərbaycan və İranda Böyük Çillə adıyla qeyd edilir. Çillə gecəsinə İran farsları fərqli Şəb-i Yelda adı versələr də elə Yelda kəlməsinin (Yalda, Yılda, ildə) özü də türk kökənlidir. Deməli əsrlər boyu türk boyunduruğu altında yaşayan farslar bu bayramı türklərdən görüb-götürüblər. 
Təbii ki, dekabrın 21-dən 22-nə keçən gecə hər iki ölkədə də ailənin bütün üzvləri bir yerə toplaşıb çilləni qarşılayırlar. Çalınır, oxunur və simvolik olaraq günəşi təmsil edən çillə qarpızı kəsilib yeyilir. Süfrəyə isə xəmir yeməklər, şirniyyat və qırmızı, narıncı meyvələr düzülür. Ən əsası çillənin girdiyi gecə hər kəs bir nəfər kimi Günəşlə həmrəy olduğunu bildirməkdən ötrü sübhədək yatmır. Səhəri gün isə Nardoğanda olduğu kimi yenə də Günəşin Yenidən Doğuşu bayram edilir.
ƏSL TÜRK BAYRAMI NARDOĞAN

P.S Təəssüf ki, hal-hazırda Çillə bayramı İranda böyük bir coşquyla keçirilsə də, Azərbaycan da unudulmaq üzrədir. Bircə Naxçıvan və Lənkərandan başqa heç yerdə qeyd edilmir. Bu gün biz əski bayramlarımızdan xəbərsiz yeni ili - sadəcə təqvim dəyişikliyi kimi qeyd edirik. Əslində isə bizim yeni il soykökümüzdən qaynaqlanan “Nardoğan” bayramıdır.

KÖNÜL SADIQOVA




Facebook'da Paylaş