Tarixin Sarıkamış uğursuzluğundan sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə rus və ermənilərin kütləvi qırğınına məruz qaldı. Eynən Qarabağ savaşında olduğu kimi ruslara arxalanan ermənilər türk-müsəlman kəndlərinə hücum edərək əhalini qılıncdan keçirdilər. Sarıqamış faciəsi ermənilərin Azərbaycanda da müxtəlif faciələrə imza atmalarına səbəb oldu.
Sarıqamış Türkiyənin cənub-şərqində, Qars əyalətində yerləşən və o qədər də böyük olmayan bir qəsəbədir. Dağlıq ərazidə yerləşdiyindən buraların qışı çox şaxtalı keçir, ilin altı ayı qar olur, yayı isə qısa və sərindir. Sarıqamışı Səlcuq komandanı Sultan Alparslan 16 avqust 1064-cü ildə Bizans kralı ilə müharibədə ələ keçirmişdi. Türkiyə bu əraziləri 1878-79-cu illərdə Balkan müharibəsində itirmişdi. O vaxtdan buralar 1920-ci ilə qədər çar Rusiyasının işğalı altında olub. Şanlı türk ordusu bütün çətinliklərə baxmayaraq, 1920-ci ildə Sarıqamış torpaqlarını düşmən işğalından əbədi azad edir. Türkiyənin əsrarəngiz təbiətə malik Sarıqamış vilayətində indi geniş qış turizmi fəaliyyət göstərir.
100 il öncə Dünya savaşında Türkiyənin düşdüyü vəziyyətdən yararlanan Rusiya Osmanlıya müharibə elan edir. Ruslar vaxt itirmədən Qafqaz cəbhəsini açır və Qərbi Anadolu torpaqlarına girirlər. Avropa və Asiyanın bir çox ölkələrinə səpələnmiş Osmanlı ordusu ingilis, fransız, yunan, rus hücumları qarşısında duruş gətirə bilmirdi. Hər gün sayı azalırdı. Hərəkət planına görə, 9-cu ordu Sarıqamış dağlarını, 10-cu ordu isə Allahuəkbər dağlarını aşaraq rusları Sarıqamışda mühasirəyə almalı idi.
Hərbi nazir Ənvər paşa hazırladığı plana əsasən Sarıqamışa iki istiqamətdən -Sarıqamış və Allahuəkbər dağlarından hücum edərək Qafqazda rus qoşunlarına zərbə endirməli idi. Nəzərdə tutulan “Sarı Qamış” hərəkatını icra edəcək 3-cü ordu 9, 10, 11-ci Kolordular və 2-ci Süvari Dəstəsindən təşkil olunmuşdu. Ruslar 100 min, 3-cü ordunun sayı isə 120 min əsgər idi. Türk ordusunun sayca çox olmasına rəğmən ruslar ağır silah, topçu və təchizat baxımından ciddi bir üstünlüyə sahib idilər.
Beləliklə, 1915-ci il yanvarın ilk günlərində 125 minlik türk ordusu iliyə işləyən soyuğa baxmayaraq, strateji yüksəkliklərdən aşaraq plana əsasən iki istiqamətdən hücuma keçir. Yeri gəlmişkən, Azərbaycan türklərinin də daxil olduğu ordu isti geyimlə də təchiz olunmamışdı. 40 dərəcəni keçən şaxtaya əsgərlər 15 saat davam gətirə bilirlər.
Araşdırmaçılar bildirir ki, Sarıqamış faciəsinin başlıca günahkarlarından sayılan Ənvər paşanın Türkiyə və dünya tarixşünaslığında bir-birindən fərqli şəkildə anılması həm obyektiv, həm də subyektiv səbəblərlə bağlıdır. Bir şey həqiqətdir ki, 1877-1878-ci illərdə Osmanlı-Rus savaşında Şərqi Anadoluda itirilən, Qars, Batum, Artvin və Ərdahan torpaqlarının geri alınması məqsədilə düzənlənən bu hərbi yürüş yalnız və yalnız qış dövrünə təsadüf etməsilə yanlış hesab oluna bilər. Belə ki, Yəməndən hərbi yürüşdən yeni qayıtmış əsgərlərin geyimləri qətiyyən havalara uyğun deyildi. Bütün bunlara rəğmən Ənvər paşa “dərhal hərəkətə keçib, rus ordusunu Sarıqamışda yox edəcəksiniz!” əmrini verir. Cəbhələrin və hərb məktəbinin əməkdar komandanı Həsən İzzət Paşa çəkinmədən Ənvər Paşanın bu əmrinə qarşı çıxır: “Olmaz! Havaları görürsünüz. Qara qış başlayıb. Bu hava şərtləri altında hərəkat bir faciəyə dönüşə bilər. Qış şiddətini itirsin, yollar açılsın, düşmənə həddini bildirərik”.
Verdiyi hər əmrin dərhal yerinə yetirilməsinə vərdiş eləmiş padşah kürəkəni, 34 yaşlı Ənvər Paşa, əsəbiləşərək “əgər müəllimim olmasaydınız, sizi edam etdirərdim” deyərək Həsən İzzət Paşanı vəzifəsindən uzaqlaşdırır və 3-cü Ordu Komandanlığını da öz öhdəsinə götürür. Nəzərdə tutulan “Sarı Qamış” hərəkatını icra edəcək 3-cü ordu 9, 10, 11-ci Kolordular və 2-ci Süvari Dəstəsindən təşkil olunmuşdu. Ruslar 100 min, 3-cü ordunun sayı isə 120 min əsgər idi. Türk ordusunun sayca çox olmasına rəğmən ruslar ağır silah, topçu və təchizat baxımından ciddi bir üstünlüyə sahib idilər.
Tamamən qarla qapalı, çox yüksək dağlıq və yolsuz bir ərazidə, o günün şərtləri ilə qış təchizatından məhrum piyada və atlı birliklərlə gerçəkləşəcək bu yürüş çox riskli idi. Amma Ənvər Paşanın ruslara olan sonsuz nifrəti onun bu böyük riski nəzərə almasına mane oldu. Beləcə, həm silah-sursat, həm də təchizat və qida baxımından mövcud problemlərə baxmayaraq Ənvər paşa 90 min əsgərə “irəli” əmri verir. Tarixçilər bu mənzərəni belə ifadə edirdilər: "Altı əsrlik qoca Osmanlı ölüm növbəsində idi". 21 dekabrda başlanan yürüş bir güllə belə atılmadan məğlubiyyətlə sonuclanır. Mənfi 40 dərəcə şaxta türklərə düşməndən daha betər qənim kəsilir. Gündüz başlayan yürüşdə əsgərlərin yumşalan çarıqları gecə donmağa, bir qəlib kimi ayaqlarını sıxmağa başlayır. Addım atmaq imkansız hala gəlir. Əsgərlər donmamaq üçün olduqları yerdə hoppanıb-düşməyə başlayırlar, ancaq şaxta bütün vücudlarını sarır. Ənvər paşanın növbəti əmri gəlir: “Yıxılıb qalan əsgər qaldırılmayacaq”.
Zatən, heç kimdə də başqa birini qaldırmağa taqət qalmamışdı. Hündürlüyü 1 metri keçən qar, iliyi donduran soyuq yetməzmiş kimi, əsgərlər bir də aclıqla mücadilə aparır. On beş saatlıq yürüşün sonunda 90 min civarında olan ordudan geriyə 1.400 əsgər dönə bilir. Ənvər Paşa yenə inadından dönmür. Bu dəfəki əmrində- “hücum əsnasında bir addım geri atan əsgər dərhal öz tapançası ilə öldürüləcək”- deyir. Bu vəziyyət qarşısında əsgərlər dillərində kəlmeyi-şəhadət ölümə doğru yürüməyə başlayırlar. Nəticədə Sarıqamışa ancaq bir ovuc əsgər çata bilir. O da müəyyən müddət üçün. İki həftə ərzində türk ordusu 90 min itki verir. Soyuqdan qorunmaq üçün bir-birinə sarılmış əsgərlər elə o vəziyyətdə də buz heykəllərə çevrilmişdilər. İllər ötəcək, faciə eynilə Murovda təkrarlanacaq. 1994-cü ilin fevral ayında Kəlbəcərin işğaldan azad edilməsi üçün Azərbaycan ordusu tərəfindən başladılmış və uğursuzluqla nəticələnmiş "Murovdağ əməliyyatı” Sarıqamış hərəkatının davamı olacaq. Türklər hər zaman olduğu kimi eyni düşmənlə üz-üzə duracaqlar.
Beləcə, "Sarıqamış Hərəkatı"nda 90 min gənc, 90 min əsgər və nəhayət, ürəyi türk dünyasının bütövlüyü üçün döyünən 90 min adam şəhid oldu. Təxminən 5000 adam rusların əlinə əsir düşür.
Sarıqamışı azad edəcək ordu komandanı Hafiz Hakkı paşa da Ənvər paşaya göndərdiyi teleqramda yazırdı: "Bitti, paşam, ordumuzun kismi küllisi mahvoldu".
Rus komandanı Petroviç öz xatirələrində Sarıqamışı belə anladır: “Allahu-Əkbər dağlarındakı türk taburunu əsir ala bilmədim. Bizdən çox əvvəl Allahlarına təslim olmuşlardı”.
Ənvər paşa bu olaydan sonra İstanbula dönür və qatı bir senzura tətbiq edərək xalqın Sarıqamış cəbhəsində baş verənləri öyrənməsinə əngəl olur. Faciəylə bağlı xəbərlər ruslar vasitəsiylə Avropaya və dünyaya yayılır. Türklər ancaq bundan sonra Sarıqamış gerçəklərini öyrənə bilirlər.
Tarixin Sarıqamış uğursuzluğundan sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə rus və ermənilərin kütləvi qırğınına məruz qaldı. 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Mus rus ordusu və erməni terrorçu dəstələri tərəfindən işğal edildi. Ruslara arxalanan ermənilər türk-müsəlman kəndlərinə hücum edərək əhalini qılıncdan keçirdilər.
Sarıqamış məğlubiyyəti Türkiyə ilə bərabər Azərbaycanın da məğlubiyyətinə səbəb oldu. Bu uğursuzluqdan güclənən erməni terrorçuları Azərbaycana üz tutdular, elimizi kənd-kənd, oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə budur ki, işğal olunmuş türk torpaqlarında, Anadolunun şərqində Ermənistan dövləti yaratdılar. Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza gətirərək o vaxt "cəhənnəm adası" adlandırılan Nargində yerləşdirdi.
Sarıqamış faciəsi və Osmanlının yaşadığı ağır tarixi günlər Azərbaycanda da narahatlıqla qarşılanır, əli yetən, gücü çatan qardaşlarının köməyinə tələsirdi. Kimi isti corab, yun əlcək, isti canlıq toxuyub göndərir, kimisi qiymətli zinət əşyalarından keçirdi. Ərzaq, dava-dərman və başqa yardımlar Azərbaycan Xeyriyyə Cəmiyyətində toplanaraq Türkiyənin şərq vilayətində müsibətə düçar olmuş insanlara göndərilirdi. Azərbaycandan dəstə-dəstə könüllülər qardaşlarının köməyinə getmişdilər.
Yardım aparanların arasında görkəmli Azərbaycan şairi Əhməd Cavad da var idi. Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq, böyük türkçü şair yardım işlərində yorulmadan çalışır, ölümü göz altına alaraq özünü türk qardaşlarına yetirirdi.
Tədqiqatçı jurnalist Akif Aşırlı "Nargin adasının türk əsirləri" məqaləsində göstərir ki, Azərbaycanın böyük dövlət və ictimai xadimi Nəriman Nərimanov "Hümmət" qəzetinin 28 noyabr 1917-ci il sayında "Göz yaşı tökdürən cəzirə" məqaləsində yazırdı: "Kaş bu cəzirəyə (Nargin) getməzdim, kaş bir dəri, bir sümük bədənləri, sifətsiz gözləri, ah-zar edən insanları görməzdim. Kaş "Əfəndim, su", "Əfəndim, yemək", "Əfəndim, paltar" sözlərini eşitməyəydim. Kaş çılpaq dodaqları soyuqdan titrəyən, üzləri bozarmış atasız-anasız balalarla sözləşməyəydim. Kaş xəstəxanada başları kərpic üstə can verən igidlərə rast gəlməyəydim".
Nəriman Nərimanov 1200 əsir türkün hazır ölüm növbəsində durduğunu, 6 min nəfərin də növbəyə hazırlaşdığını, tif, vəba kimi yoluxucu xəstəliklərin yayıldığını göz yaşları ilə yazırdı. Nargində yaşanan müsibətlərdən, rusların və ermənilərin Nargində türk əsirlərinin başına gətirdikləri amansızlıqlardan xəbər tutan Bakı İslam Xeyriyyə Cəmiyyəti bu barbarlığa etiraz əlaməti olaraq Rusiya Qızıl Xaç Cəmiyyətinin sədri Oldenburqa müraciət edir. Sarıqamış faciəsi türk tarixinin qanlı səhifəsi və ən uğursuz hərbi əməliyyatı olsa da, 1920-ci ildə türk ordusu Sarıqamışı işğaldan azad etdi.
Ülviyyə Tahirqızı